Zərdab rayonunda Vətən müharibəsi şəhidi Faiq Vəlizadənin xatirəsinə inşa edilmiş bulağın açılışı olub.
"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, bulaq kompleksi şəhidin doğulduğu Alıcanlı kəndində inşa edilib.
Açılış mərasimində şəhidin ailə üzvləri, rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin döyüş yoldaşları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində F.Vəlizadənin şəhidlik zirvəsinə ucalmasının ikinci ildönümü münasibətilə məzarı ziyarət edilib və ruhuna dualar oxunub. Çıxış edənlər şəhidin Vətən müharibəsində nümayiş etdirdiyi qəhrəmanlıqdan, şücaətdən və igidlikdən geniş söhbət açıblar. Qeyd olunub ki, F.Vəlizadə hələ uşaqlıqdan qorxmazlığı və igidliyi ilə digərlərindən fərqlənib. Onun Vətənə bağlılığı da milli ruhda böyüməsindən irəli gəlib.
Xatırladaq ki, Faiq Bayramoğlu Vəlizadə 1997-ci il fevralın 1-də Zərdab rayonunun Alıcanlı kəndində anadan olub. Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmət edən gizir Faiq Vəlizadə Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda döyüşüb. O, Suqovuşan döyüşləri zamanı düşmənin xeyli sayda canlı qüvvəsinin və texnikasının məhv olunmasında yaxından iştirak edib. F.Vəlizadə oktyabrın 17-də Suqovuşan uğrunda gedən şiddətli döyüşlər zamanı qərhəmancasına şəhid olub. Oktyabrın 24-də isə yaşadığı Alıcanlı kənd qəbirstanlığında torpağa tapşırılıb.
Prezident İlham Əliyevin sərəncamına əsasən F.Vəlizadə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib.