Azərbaycan Dillər Universitetində (ADU) Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və universitetin birgə təşkilatçılığı ilə "Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru" kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib.
"Report"un xəbərinə görə, tədbirdə BŞİH-nin məsul əməkdaşları, universitetin müəllim, magistr və tələbələri iştirak ediblər.
Tədbiri açan ADU-nun rektoru, akademik Kamal Abdulla Vətən müharibəsindən qısa müddət keçməsinə baxmayaraq, artıq möhtəşəm zəfərə kitablar, salnamələr həsr olunduğunu qeyd edib və təqdim olunan kitabın bu baxımdan önəmini vurğulayıb. 44 günlük Vətən müharibəsinin tarixinə həsr olunan kitab Azərbaycan, rus və türk dillərində çap edilib və bu gün artıq kitabın ingilis dilində nəşrinin təqdimatı keçirilir.
Çıxış edən BŞİH başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov bildirib ki, kitab BŞİH və Tarix İnstitunun birgə layihəsidir. Şöbə müdiri qeyd edib ki, Vətən müharibəsində qazanılan şanlı qələbə ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik sərkərdəlik qabiliyyəti sayəsində əldə olunub. Bu da tarixdə şəxsiyyət faktoru amilini bir daha sübut edir. Kitab Qarabağda baş verən hadisələri diqqətlə izləyən oxucu və ekspertlərin böyük marağına səbəb olduğundan ingilis dilində də nəşr edilib. Hazırda isə kitabın ərəb və fars dillərində çapı ilə bağlı işlərə başlanılıb.
Kitabda həmçinin Heydər Əliyev Fondu və onun rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın azad edilən torpaqların bərpası və inkişafı istiqamətində gördüyü işlər xüsusi yer alıb.
Qeyd edək ki, "Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru" kitabı müharibə tarixinin ilk ümumiləşdirilməsi cəhdlərindən biri olaraq Vətən müharibəsinin əvvəlindən hazırki dövrə kimi olan bütün mərhələləri əhatə edir və qazanılan şanlı qələbə müəlliflər tərəfindən ətraflı araşdırılıb. Kitaba tarixçi alimlərin, hərbçilərin, Milli Məclisin deputatlarının, tanınmış jurnalistlərin Vətən müharibəsi ilə bağlı yazıları daxil edilib.