ADA Universitetinin Qazax Mərkəzində təhsil proqramlarının sayı artır.
"Report"un Qərb bürosunun məlumatına görə, bunu ADA Universitetinin strategiya və inkişaf üzrə prorektoru Vəfa Kazdal ADA Universitetinin Qazax Mərkəzinin təşkil etdiyi "Yay Düşərgəsi"nin açılış mərasimində jurnalistlərə açıqlamasında deyib.
O, ADA Universitetinin Qazax Mərkəzində təhsil proqramlarının sayının artdığını vurğulayıb:
"Mərkəzimizdə magistr və sertifikat proqramları ilə yanaşı, bu gündən məktəblilərimizlə yay düşərgəsinə başlanılıb.
ADA Universitetinin Qazax Mərkəzinin ilk yay düşərgəsinin iştirakçıları Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarındakı məktəblərdən olan şagirdlər, şəhid və qazi övladlarıdır".
V.Kazdal qeyd edib ki, düşərgənin təşkilində əsas məqsəd ətraf mühitin qorunması üçün zəruri bilik və bacarığın şagirdlərə öyrədilməsidir:
"İlk yay düşərgəsi "Yaşıl Dünya Həmrəylik İli" çərçivəsində keçirilir. Düşərgənin təşkilində əsas məqsəd şagirdlərə ətraf mühitə qarşı sevgi duyğusunu aşılamaq, onun qorunması üçün lazım olan bilik və bacarığı öyrətməkdir.
Yay düşərgəsi beş gün davam edəcək. Bu günlər ərzində onlar üçün maraqlı və əyləncəli təhsil proqramı təşkil olunacaq”.