Şuşa şəhərinə köçürük, buna görə də sevincimizin hədd-hüdudu yoxdur.
“Report”un məlumatına görə, bunu Şuşa şəhərindən olan keçmiş məcburi köçkün Naibə Rəhimova deyib.
“Prezident İlham Əliyevə buna görə minnətdarıq. Qarabağ müharibəsində həlak olan bütün şəhidlərimizə Allah rəhmət eləsin. Tanrı qazilərimizə can sağlığı versin ki, bu günü bizə yaşatdılar. Öz torpağımıza, doğma yurdumuza qayıdırıq.
Şükür Allaha öz evimiz oldu. İndi ora dönürük”, - N.Rəhimova deyib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Şuşa şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınır. Bu mərhələdə şəhərə 48 ailə - 164 nəfər köçürüləcək.
Doğma yurda qayıdan Şuşa sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 30 minə yaxın insan yaşayır.