Ağdərə rayonunun Suqovuşan kənd sakini uzun müddət davam edən məcburi köçkün həyatından sonra artıq şəraitli evlərində yaşayacaqlarını bildirib.
Bunu “Report”un Ağdərəyə ezam olunan əməkdaşı ilə söhbətdə Suqovuşan kənd sakini Validə Əmiraslanova deyib.
Onun sözlərinə görə, Suqovuşanın işğal altında olduğu dönəmdə də kəndə qayıdacaqlarına daim inanıblar:
“Məcburi köçkün olduqdan sonra İmişli rayonunda bir ferma binasında məskunlaşdıq. Uzun illər çox çətinliklərlə üzləşsək də, ümidimizi heç vaxt itirmədik. Bir gün doğma yurdumuza dönəcəyimizə inanırdıq.
Bu gün sevinirəm ki, artıq doğma ocağımıza qayıdırıq. Üç oğlum var, onlardan biri dünyasını dəyişib. Tək ona üzülürəm ki, kəndimizə onsuz dönürük. Amma əminəm ki, onun da ruhu bizimlə birgə bu yurdda dolaşır”.