Xaçmaz rayonunda səyyar "ASAN xidmət" fəaliyyətini davam etdirir.
"Report"un Şimal bürosunun məlumatına görə, səyyar "ASAN xidmət" avtobusu sentyabr ayının 2-dən Xaçmaz şəhəri H.Z.Tağıyev küçəsi 13 ünvanında vətəndaşlara xidmət göstərir.
Xaçmaz rayonunda indiyə qədər 18 dəfə səyyar xidmət avtobusu, 3 dəfə “ASAN Qatar” vasitəsilə ümumilikdə 21 dəfə səyyar xidmət gerçəkləşib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Mətbuatla iş və kommunikasiyalar sektorunun müdiri Mehdi Məmmədli “Report”un yerli bürosuna açıqlamasında bildirib ki, qeyd olunan dövr ərzində Xaçmaz rayonunda səyyar xidmət avtobusu vasitəsilə 67 min 731, “ASAN Qatar” vasitəsilə isə 11 min 502 vətəndaş müraciəti daxil olub.
"Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər nazirlikləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur. Hazırda Xaçmaz şəhərində fəaliyyət göstərən səyyar “ASAN xidmət” avtobusunun növbəti dayanacağı Siyəzən rayonu olacaq.
2013-cü ildən həyata keçirilən səyyar “ASAN xidmət” vasitəsi ilə ümumilikdə 3 milyondan çox, 2024-cü il ərzində isə 110 mindən çox vətəndaş müraciəti daxil olub”, - sektor müdiri vurğulayıb.
Onun sözlərinə görə, səyyar xidmətlərin təşkilində əsas məqsəd vətəndaş məmnunluğunun təmin olunmasıdır:
“Xatırladaq ki, “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlardakı əhaliyə xidmətlərin çatdırılması və onların mərkəzlərə gəlmədən xidmətlərdən yararlanması üçün xüsusi təchiz edilən 10 xüsusi avtobus vasitəsilə vətəndaşlara səyyar formada xidmət göstərilir. Əsas məqsədlər dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır".
Hazırda ölkədə 27 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si Bakı şəhərində, 2-si Gəncədə, 2-si Sumqayıtda olmaqla, digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən, Salyan, Naxçıvan və Lənkərandadır.
“ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 400-ə yaxın xidmət göstərilir. Bu günədək “ASAN xidmət” mərkəzlərinə 9 milyon 4 mindən çox vətəndaşın 78 milyona yaxın müraciəti daxil olub. Rəy sorğularına əsasən, vətəndaşların xidmətlərdən məmnunluq əmsalı isə 99,8 faiz təşkil edir.