Şəmkirdə Vətən müharibəsi Anım Günü münasibətilə Şəhidlər Memorial Abidə Kompleksinin açılış mərasimi keçirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, kompleks Vətən müharibəsinin Anım Günü ilə bağlı Birinci və İkinci Qarabağ müharibəsində, Aprel döyüşlərində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq inşa edilib.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə 50 metr uzunluğunda şanlı Azərbaycan bayrağını Bayraq Meydanından Şəhidlər xiyabanına gətiriblər.
Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən əsgər və zabitlərimizin xatirəsinə ucaldılmış Şəhidlər Memorial Abidə Kompleksinin açılışı olub, RİH başçısı tərəfindən önünə əklil qoyulub.
Tədbirdə çıxış edənlər, şəhid yaxınları “Vətən sağ olsun!” deyərək canları, qanları ilə zəfər tariximizi yazan qəhrəmanlara, onların ailələrinə göstərilən diqqətə görə Ali Baş Komandan İlham Əliyevə və onun xanımı Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.