Başda Prezident İlham Əliyev olmaqla şəhidlərin, qazilərin sayəsində qardaşımın nəşi tapılıb.
Bu sözləri "Report"a açıqlamasında Birinci Qarabağ müharibəsində itkin düşən və 32 il sonra nəşinin qalıqları tapılan Tərlan Rüstəmovun dəfn mərasimində qardaşı Rasif Rüstəmov deyib.
O, Prezident İlham Əliyevə, şəhidlərə və qazilərə təşəkkür edib: "Onların sayəsində torpaqlarımız işğaldan azad olundu və qardaşımızın nəşi tapıldı. Tərlan 1992-ci ildə Ağdərə rayonunun Sırxavənd kəndində döyüşüb. O, 1992-ci il sentyabrın 18-də evə məktub yazmışdı. İki gün sonra xəbər gəldi ki, qardaşım itkin düşüb. O vaxtdan indiyə kimi gözümüz yolda qalmışdı. Başda Prezidentimiz olmaqla şəhidlərimizin, qazilərimizin sayəsində qardaşım tapıldı".
R.Rüstəmovun sözlərinə görə, qardaşı döyüşlərə yollananda altı yaşı olub və onun yalnız məzuniyyətə gəldiyi vaxt yaddaşında həkk olunub.