Şəhidlərimiz olmasaydı, Vətənimiz əldən gedərdi.
Bunu “Report”un Xocavənd rayonuna ezam olunmuş əməkdaşına açıqlamasında “Xocavənd əməliyyatı”nda şəhid olan Anar Rzayevin anası Siyafət Rzayeva deyib.
O, Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun şücaəti, şəhidlərin və qazilərin canı, qanı bahasına 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandıqlarını bildirib:
"Məhz həmin qələbənin sayəsində övladlarımızın şəhidliyə ucaldığı yerləri ziyarət edirik. Şəhidlərin hamısı bizim övladlarımızdır. Biz övladlarımızı heç bir şəhiddən seçməmişik. Şəhidlərimiz olmasaydı, bəlkə də Vətənimiz əldən gedərdi”.
S.Rzayeva qeyd edib ki, müharibə vaxtı oğlu universitetdə oxuyurdu: “Mənə dedi ki, ana və bacılarımız erməni əlindədir, bizim burada qalmağımızın mənası yoxdur. Allah onların hər birinə rəhmət eləsin”.
“Xocavənd əməliyyatı”nda şəhid olan Nizami Ələkbərovun bacısı Mətanət Əsədova isə deyib ki, qardaşının qismətində şəhidlik zirvəsinə ucalmaq varmış: “O deyirdi ki, torpaqlarımız düşmənin tapdağı altındadır, onu azad etməliyik. Qardaşım dostları ilə birlikdə qəhrəmanlıq göstərərək şəhid olub”.
Şəhid Dinar Mustafayevin bacısı Şəfəq Mustafayeva artıq dördüncü dəfədir qardaşının şəhid olduğu yeri ziyarət edir: “Biz qardaşımın şəhid olması xəbərini iki ay sonra öyrəndik. Bu müddət ərzində ondan xəbər tuta bilmirdik. Qardaşım dünyanın acı və şirinliyini dadmamış, 20 yaşında şəhid olub. Bu gün bizə təsəlli qardaşımın şəhid olduğu yeri ziyarət etməkdir. Dövlətimiz tərəfindən mənzillə də təmin edildik. Bütün bunlar bizə təsəllidir”.
Qeyd edək ki, 1997-ci ilin aprelində Azərbaycan Ordusunun iki kəşfiyyat qrupu o dövrdə işğalda olan Xocavənd istiqamətində düşmən arxasına sızaraq döyüş tapşırığını şərəflə yerinə yetirib. Qruplardan birincisi itkisiz qayıdıb. Digər 8 nəfərdən ibarət qrup isə geri qayıdarkən mühasirəyə düşüb. Azərbaycan kəşfiyyatçıları təslim olmaq haqqında düşmənin tələblərini qəti rədd edib və ağır döyüş başlayıb. Az sayda qrup əsl qəhrəmanlıq nümayiş etdirib, güclü müqavimət göstərib.
Ağır döyüş əsnasında yaralanmış qrup üzvü çavuş Aqil Əhmədovun artıq öldürüldüyünü zənn edən digər 7 nəfər sursatlarının bitdiyini görüb düşmən əlinə keçməmək üçün qrup şəklində bir yerə yığışaraq özlərini əl qumbarası ilə partladaraq şəhidliyə ucalıblar.
Onlar - qrupun komandiri leytenant Elxan Ağayev, qrup üzvləri - leytenant Vüqar Yarəhmədov, çavuşlar - Anar Rzayev, Dinar Mustafayev, Aqşin Həsənov, Nizami Ələkbərov, Fariz Cavadovdur.
Əməliyyat zamanı şəhid olmuş hərbçilərin nəşləri Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində 6 aydan sonra geri alınıb. Onlar Bakıda İkinci Fəxri xiyabanda dəfn olunub və hər biri ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Ulu Öndər huşsuz vəziyyətdə əsir düşmüş qrup üzvü, Ermənistanın barəsində ölüm hökmü çıxardığı çavuş Aqil Əhmədovu da iki illik əsirlik həyatından xilas edib.