Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti süjet hazırlanıb.
“Report” xəbər verir ki, “Erməni politoloq: bizə 2020-ci il müharibəsindən sonra dövlətçiliyi qoruyub saxlamaq möcüzəvi şəkildə qismət oldu” adlı süjetdə ermənilərin Qarabağda törətdikləri cinayətlərdən bəhs edilir.
Ermənistanın tanınmış rejissor və bəstəkarı Ruben Haxverdiyan, erməni naşir Armen Martirosyan, politoloq Harutyun Mkrtçyan ermənilərin Qarabağda törətdikləri cinayətlərdən xəcalət hissi keçirdiklərini bildirirlər.
Onların sözlərinə görə, ermənilər başqa dövlətin ərazisinə girib 26 il ərzində işğalçılıqla məşğul olublar: “Bütün dərdlərimizdə həmişə romalıları, bizanslıları, farsları, ərəbləri, türkləri, rusları günahlandırıq. Ermənilər köçmədir deyə, vətənini sevmir. Müharibə tərəfdarları heç vaxt müharibəyə getməyən insanlardır. Ağdamın hansı vəziyyətdə olduğunu öz gözlərimlə gördüm, biz orada hər şey məhv etmişik. Biz özümüz Azərbaycan evlərini, məscidlərini hər zaman dağıtmışıq. Çobanlarımız Ağdamda, Şuşada məscidlərdə inək saxlayırdılar”.
R.Haxverdiyan deyib ki, Rusiyaya normal nə erməni, nə də rus dilində fikrini ifadə edə biləcək adam lazımdır ki, hakimiyyətə gətirsin: “Zori Balayan “KQB” casusu kimi erməni millətçilərini satıb. Balayan yazıçı deyil, Moskvadan göndərilmiş araqarışdıran adam idi. Bu gün Ermənistanı türksüz, azərbaycanlısız təsəvvür etmək olmaz”.
H.Mkrtçyan isə Qarabağ klanı və erməni kilsəsi, keşiş Baqratın iç üzünü ifşa edib: “Mənə izah edin ki, biz Ermənistan Konstitusiyasında Qarabağın ilhaqı ilə bağlı bəndi niyə hələ də saxlayırıq? Mənim üçün Ermənistanın ərazisi 29 743 kvadrat kilometrdir. Çiçəklənən Ağdam xarabalığa çevirib “Akna” adlandırdıq. Qarabağa fikrinə yenidən düşmək Ermənistanın ölümünə səbəb olacaq. Bizə 2020-ci il müharibəsindən sonra dövlətçiliyi qoruyub saxlamaq möcüzəvi şəkildə qismət oldu. İrəvanda Qarabağ nümayəndəliyinin olması nə deməkdir? Bu, sadəcə, həyasızılıqdır. Qarabağdan çıxanlar Baqratı soyuducudan çıxarıb, ölkə boyu gəzdirirlər. Ermənilər boyunlarının ardını görəcəklər, amma heç vaxt nə Qarabağı, nə də onun klanını görəcəklər”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması barədə sübutların, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikirlərini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.