Bakı. 28 avqust. REPORT.AZ/ Nazirlər Kabineti Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” 2010-cu il 7 iyun tarixli 107 nömrəli qərarının və bəzi qərarlarının struktur elementlərinin ləğv edilməsi barədə qərar qəbul edib.
"Report" xəbər verir ki, sənəd baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.
Nazirlər Kabineti Azərbaycan prezidentinin “Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında” fərmanının 7.2-ci, “Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” 2016-cı il 10 mart tarixli 828 nömrəli fərmanının 2.2-ci və “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2016-cı il 4 mart tarixli 135-VQD nömrəli qanununun tətbiqi barədə” 2016-cı il 9 mart tarixli 1872 nömrəli Sərəncamının 1.2-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə qərara alır:
1. “Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin xərclər smetası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 17 avqust tarixli 131 nömrəli qərarının 2-ci hissəsi ləğv edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmiş 4 nömrəli əlavə - “Büdcə xərclərinin inzibati təsnifatı”nın “İcra hakimiyyəti orqanları” bölməsinin iyirmi üçüncü sətri ləğv edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 7.5-ci bəndi və 28-ci hissəsi ləğv edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”ndan “Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Aparatı” və “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti” sözləri çıxarılsın.
5. “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 7 iyun tarixli 107 nömrəli qərarı ləğv edilsin.