Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
"Report" xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov olub.
O, 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti”nin 2022-ci ildə “Qərbi Azərbaycan İcması” adı ilə yenidən təşkilatlanmasından, ötən iki ildə İcmanın fəaliyyətindən söhbət açıb. Bildirib ki, İcma yenidən təşkilatlanandan sonra əsasən iki istiqamət üzrə Qərbi azərbaycanlılar arasında iş aparıb. Bunlardan birincisi ölkə daxilində soydaşlarımızla əlaqələrin qurulması, onların dəqiq siyahısının hazırlanması, rayon, şəhər və kənd icmalarının yaradılmasıdır. Müsahibin sözlərinə görə, Azərbaycanın 58 bölgəsində məskunlaşan soydaşlarımızla artıq bu əlaqələr qurulub və lazımi təşkilatlanma işləri həyata keçirilib.
Aparat rəhbəri deyib ki, Qərbi Azərbaycan İcmasının fəaliyyətində ikinci əsas istiqamət xaricdə yaşayan soydaşlarımızın tarixi torpaqlarımız uğrunda yeni mübarizədə səfərbər olmasıdır. Onun sözlərinə görə, yola saldığımız iki ildə bu sahədə də böyük işlər görülüb. Misal üçün, Qərbi Azərbaycan İcmasının nümayəndələri tərəfindən Almaniya, İngiltərə, Türkiyə, Rusiya, Gürcüstan və sair ölkələrdə məskunlaşan soydaşlarımızla görüşlər, konfranslar keçirilib. Onlara İcmanın əsas məqsədləri çatdırılıb. Qeyd olunub ki, başlıca hədəf Qərbi Azərbaycana qayıdışı sülh və təhlükəsizlik şəraitində reallaşdırmaqdır.
Q.Qasımov söyləyib ki, 44 günlük müharibədə Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi, qısa müddətdə bu ərazilərdə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri, keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızda da tezliklə Vətənə qayıtmaq ümidini artırırb. Aparat rəhbəri qeyd edib ki, Qərbi Azərbaycana qayıdışa beynəlxalq hüququn tərkib hissəsi kimi yanaşmaq lazımdır və İcma səviyyəsində dünya miqyasında təbliğat işi məhz bu istiqamətdə qurulur.
Uzun illər mədəniyyət sektorunda məsul vəzifədə çalışan, paralel olaraq elmi fəaliyyətlə məşğul olan Q.Qasımov Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz, onlara vurulan ziyan barədə də danışıb. Ermənistanın bu vandalizmini beynəlxalq səviyyədə ifşa etmək üçün əlimizdə olan tutarlı faktları, görülən işləri dilə gətirib. Vurğulayıb ki, Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara məxsus maddi-mədəni irsə böyük ziyan vurub, vandalizm aktı törədiblər.
Aparat rəhbəri soydaşlarımızın tarixi torpaqlarımıza qayıtmasından sonra onların sosial rifahı, iqtisadi vəziyyəti, işlə təmin olunması istiqamətində atılacaq addımları da diqqətə çatdırıb. Söyləyib ki, Qərbi Azərbaycana qayıtmaq istəyənlərin sayı həddindən artıq çox olduğu üçün onların təhlükəsizliyi, mülkiyyət və sair hüquqlarının təmini, davamlı əmək fəaliyyəti ilə məşğul olmaları İcmanın fəaliyyətində prioritet məsələdir.
Q.Qasımov doğulub boya-başa çatdığı Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndindən də danışıb. Bildirib ki, vaxtilə beş minə yaxın azərbaycanlının yaşadığı, bir çox sosial obyektlərin, müəssisələrin fəaliyyət göstərdiyi bu tarixi yurd yerimizdə indi az sayda erməni ailələri məskunlaşıb. Onun sözlərinə görə, Zod kəndindəki əksər evlər erməni vandalları tərəfindən dağıdılıb.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş sentyabrın 9-da saat 19:30-da "Baku TV"nin efirində və saat 21:30-da yutub kanalında yayımlanıb.