Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Arsak və Sisakan türk əraziləri olaraq, Albaniyanın tərkibində idi” adlı veriliş efirə gedib.
“Report” xəbər verir ki, verilişdə tarix üzrə fəlsəfə doktoru, dosent Təvəkkül Əliyev Alban dövlətinin necə meydana gəlməsindən bəhs edir.
O bildirib ki, bir-birinin mövcudluğundan xəbərsiz olan erməniləri və urartuları qohum edən rus tarixçiləridir: “Azərbaycan qədim dövlətimiz olan Albaniya ilə bağlıdır. Eradan əvvəl 331-ci il oktyabrın 1-i Alban dövlətinin meydana gəldiyi gündür. Arsak və Sisakan türk əraziləri olub, Albaniyanın tərkibində idi. Yunan tarixçisi və coğrafiyaçısı Strabon Kürü Albaniyanın mərkəzindən axan çay kimi qeyd edib. Alban hökmdarı Oroys “Kitabi Dədə Qorqud”da olan Taş Oğuz başçısı Aruzdur”.
T.Əliyev deyib ki, erməni tarixçisi Yepiskop Sebeosun özünün yazdığına görə, Sisakan əhalisi ayağa qalxaraq Atropatenadan kömək istəyib:
“Sisakan əhalisi Xosrovdan ermənilərdən müdafiə üçün yardım istəyib. Məhz Sisakan əhalisi ermənilərdən qorunmaq üçün Atropatenanın tərkibinə keçib və "erməni adını bizim üzərimizdən götürün" tələbini irəli sürür”.
Onun sözlərinə görə, ermənilər özlərinin əleyhinə olan faktları hər yerdən siliblər: “Arsax, Uti əraziləri 387-ci il Sasani-Roma müqaviləsinə görə Albaniyanın tərkibində qalıb. Tiqran Parfiya Arşakiləri nəslindəndir və ermənilərə aidiyyəti yoxdur. Haylar parfiyalı Arşak nəslindən olanları erməniləşdiriblər. Məşhur rus tarixçisi, antropoloqu, etnoqrafı Aleksey İvanovskinin xəritəsində Qərbi Azərbaycanda olan yer adlarının hamısı Azərbaycan dilindədir”.
Tarixçi sonda Azərbaycanda igid öləndə at ətindən ehsan verilməsi, atın başının qəbrin içərisinə qoyulması, eləcə də Gədəbəydə açılan qəbrin içindən at başının çıxması ilə bağlı maraqlı məqamlara aydınlıq gətirib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş sentyabrın 25-də saat 20:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.