Qərbi Azərbaycan İcması Avropa İttifaqının diplomatik xidmətinin mətbuat katibinin Azərbaycanın daxili işinə qarışan və məhkəmə hakimiyyətinin müstəqilliyinə xələl gətirməyə cəhd edən bəyanatını sərt şəkildə qınayıb.
"Report" xəbər verir ki, bu barədə İcmanın yaydığı bəyanatda qeyd edilib.
Bildirilib ki, Azərbaycana saxta ittihamlarla insan hüquqları sahəsində dərs verməyə çalışan Avropa İttifaqı ilk öncə bu cür səlahiyyəti haradan aldığına dair izahat verməlidir:
"Bundan başqa, Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmaqla, mülkiyyətindən və mədəni irsindən məhrum edilməklə hüquqları pozulmuş yüz minlərlə azərbaycanlının taleyinə biganə qalmış Avropa İttifaqının bu davranışı ayrı-seçkili və təxribatçı xarakter daşıyır. Bu cür qərəzli və ayrı-seçkili davranışı ilə Avropa İttifaqı ali dəyərlər olan insan hüquqlarına zərər vurur və regionda davamlı sülh istiqamətində müşahidə olunan müsbət dinamikanı pozmağa çalışır".
Qərbi Azərbaycan İcması Avropa İttifaqından bu cür qərəzli və ziyanlı siyasətindən əl çəkməyi, regionda sülhə mane olmamağı və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına dəstək verməklə insan hüquqlarına sadiqliyini əməldə göstərməyi tələb edir.