"Gələn il "Böyük Qayıdış"ın hazırlıq mərhələsinə keçəcəyik".
"Report" xəbər verir ki, bunu Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilən (Şuşa istisna olmaqla) ərazilər üzrə xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, keçmiş məcburi köçkünlərin hansı hissəsinin evlə təmin olunması, hansı hissəsinin hələ də müvəqqəti yaşayış məntəqələrində yaşaması barədə məlumat var: "Hər bir yaşayış məntəqəsi üzrə "Böyük Qayıdış" prosesi başlayarkən bütün bunların hamısı nəzərə alınacaq: "Bununla bağlı xüsusi işçi qrup fəaliyyət göstərir. Onlar "Böyük Qayıdış"a bağlı həm iqtisadi, həm sosial, həm də hüquqi işlərlə bağlı məsələləri araşdırırlar. Əminəm ki, növbəti il ərzində bu iş yekunlaşacaq".