Prezident İlham Əliyevin təməlini qoyduğu Ağdam rayonunun Tağıbəyli kəndində məskunlaşacaq ailələrin sayı açıqlanıb.
"Report"un Xocalıya ezam olunan əməkdaşının xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin aparıcı məsləhətçisi Ümid İsazadə məlumat verib.
O bildirib ki, tarixi təxminən iki əsrə çatan Tağıbəyli kəndi Ağdam rayonunun təsərrüfat sayının çoxluğu ilə seçilən kəndlərindən biri olub:
“Tağıbəyli kəndində 725 ailə rəsmi qeydiyyatda olub. Əhalinin əsas məşğuliyyəti əkinçilik, üzümçülük, baramaçılıq və heyvandarlıq olub. İşğal dövrünə qədər kənddə məktəb, uşaq bağçası, tibb məntəqəsi, mədəniyyət evi, kitabxana, ərzaq mağazası, maşın-traktor parkı, kənd təsərrüfatı məhsullarının anbarı, qoyun ferması və üzüm bağları fəaliyyət göstərib”.
Ü.İsazadə həmçinin yenidən qurulacaq Tağıbəyli kəndi üçün ayrılan sahə və burada inşa ediləcək yaşayım binaları barədə də məlumat verib.
“Kəndin layihələndirilən ərazisi 255,31 hektardır. Kəndə 3 min 840 nəfərin köçürülməsi nəzərdə tutulur. Bunun üçün 885 fərdi ev inşa ediləcək. Layihələndirilən ərazi Tağıbəyli və Suma kəndlərinin ərazisindən ibarətdir. Birinci mərhələdə layihələndirilən sahə 78,05 hektardır və buraya 108 ailənin köçürülməsi planlaşdırılır”, - o bildirib.
Nümayəndəlik rəsmisi inşa ediləcək evlərin sayı və ailə təsərrüfatının tərkibinə görə neçə otaqdan ibarət olacağına da toxunub:
“Bu mərhələdə tikiləcək 108 evin 22-si ikiotaqlı, 54-ü üçotaqlı, 27-si dördotaqlı, 5-i isə beşotaqlı olacaq”.
Nümayəndəlik rəsmisi kənddə inşası nəzərdə tutulan obyektlər haqda da danışıb:
"Bundan başqa, kənddə 264 şagird yerlik məktəb binası, 80 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, kitabxana, qonaq evi, ticarət mərkəzi, idman-sağlamlıq mərkəzi, inzibati bina, məişət xidməti obyekti, sənətkarlıq emalatxanası, kənd meydanı, Bayraq meydanı, park, yanğınsöndürmə deposu (iki maşın yerlik), qazanxana, su anbarı, idman meydançası, 35 kV-luq paylayıcı qurğu və bazar kompleksi inşa ediləcək”.
Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən mayın 28-də Ağdam rayonunun işğaldan azad edilən Tağıbəyli kəndinin təməli qoyulub. Kənddə inşaat işlərinin ilkin mərhələsinin 2026-cı ildə yekunlaşdırılmasının nəzərdə tutulduğu bildirilir.