*** 12:42
Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ucar rayonuna səfərə gedib. “Report”un xəbərinə görə, dövlət başçısı əvvəlcə Ucar şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.
Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov abidənin ətrafında görülmüş işlər barədə Prezident İlham Əliyevə məlumat verib.
Səfər çərçivəsində Prezident İlham Əliyev “Ucar Aqro” MMC-nin quşçuluq sənaye kompleksi ilə tanış olub.
Dövlət başçısına məlumat verilib ki, müəssisənin illik quş əti istehsalı gücü 9,5 min ton təşkil edir. Müəssisədə 65 çeşiddə istehsal edilən quş əti məhsulları “Mərcan” brendi ilə təqdim olunur.
Qeyd edilib ki, əsas istehsal prosesi beş sahədə - kəsim, soyutma, bölünmə, qablaşdırma və şoklama sahələrində aparılır.
Sonra Prezident İlham Əliyevə Aran iqtisadi rayonu üzrə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilən investisiya layihələri barədə məlumat verilib.
Daha sonra dövlət başçısı quş əti emalı müəssisəsində və quş yetişdirmə fabrikində yaradılan şəraitlə tanış olub.