Azərbaycan Respublikasında dövlət kommunikasiyasının təkmilləşdirilməsi və bu sahədə təcrübə mübadiləsi məqsədilə Türkiyə Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin dəvəti ilə Azərbaycan Respublikasının Prezident Administrasiyası tərəfindən 30 dövlət qurumunun ictimaiyyətlə əlaqələr sahəsinə məsul əməkdaşlarından ibarət nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri təşkil edilib.
"Report" xəbər verir ki, səfərin ilk günü oktyabrın 11-də Türkiyə Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsində görüş keçirilib.
Görüşlər zamanı Azərbaycan və Türkiyə arasında informasiya və dövlət kommunikasiyası sahəsində birgə əməkdaşlıq məsələləri müzakirə edilib.
Türkiyə Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin məsul nümayəndələri tərəfindən ictimai diplomatiya, media yayımı, xarici media ilə əlaqələr, dezinformasiya ilə mübarizə, Türkiyə brendi, kommunikasiya sahəsində insan resurslarının idarə edilməsi mövzularında təqdimatlar edilib.
Nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri davam edir. Səfər çərçivəsində Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi, Milli Müdafiə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Anadolu Agentliyi, Türk Dövlətləri Təşkilatı, TRT World, Radio və Televiziya Ali Şurası (RTÜK) və digər qurumlarda görüşlər keçiriləcək.