Ötən gün, dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi ölkənin bütün ərazisində saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub.
“Report” xəbər verir ki, insanlar qəzada həlak olanların xatirəsinə hörmət və ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər.
Dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, Xəzər dənizinin sahil sularında sıralanan hərbi gəmilərdən fasiləsiz fit səsi verilib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Foto: Məhəmməd Ağayev, Samirə Həsənova, Vüqar Xanlarov