“Naxçıvanda 35 ildən sonra bərpa edilən baramaçılıq: nəticələr və növbəti mövsümə hazırlıq” mövzusunda konfrans təşkil olunub.
“Report”un yerli bürosunun məlumatına görə, Naxçıvan Muxtar Respublikası (MR) Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində “Naxçıvanda 35 ildən sonra bərpa edilən baramaçılıq: nəticələr və növbəti mövsümə hazırlıq” mövzusunda konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə muxtar respublikada baramaçılığın və ipəkçiliyin inkişafını özündə əks etdirən sərgi ilə tanış olublar.
Konfransda Naxçıvan MR kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini icra edən Xəyalə Dadaşova, Naxçıvan MR əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifələrini icra edən Fərid Bağırzadə və Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Nadir Quliyev çıxış ediblər.
Çıxış edənlər baramaçılığın gəlirli sahə olduğunu, mütərəqqi metodların tətbiqinin vacibliyini diqqətə çatdırıblar.
Sonra baramaçılıqla bağlı videomaterial nümayiş etdirilib.
Konfransın sonunda fərqlənən kümçülərə pul mükafatları və diplomlar təqdim olunub.