Müxtəlif dinlərin nümayəndələri ölkəmizdə təhlükəsizlik və əmin-amanlıq şəraitində yaşayırlar.
"Report" xəbər verir ki, bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun “Həyat sözü”, Bakı Krişna Şüuru, Bakı şəhəri “Azərbaycan Bibliya Cəmiyyəti”, “Vineyard Azərbaycan” dini icmalarının sədrləri və Bakı şəhəri Bəhai dini icmasının nümayəndələri ilə görüşündə bildirilib.
Görüşdə Azərbaycandakı tolerantlıq mühitinin, birgəyaşayış mədəniyyətinin dövlət-din konsepsiyasına uyğun daha da möhkəmləndirildiyi vurğulanıb. Prezident İlham Əliyev tərəfindən mütəmadi olaraq ölkəmizdəki dini konfessiyaların dəstəklənməsi məqsədilə maddi yardım ayrıldığı diqqətə çatdırılıb.
Prezident İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu sahəyə xüsusi diqqət göstərməsindən bəhs edən Komitə sədri vurğulayıb ki, dövlət tərəfindən tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə, dini abidələrin təmir və bərpasına xüsusi önəm verilir, dini icma rəhbərləri ilə mütəmadi görüşlər keçirilir, onların ehtiyac və problemlərinə həssaslıqla yanaşılır.
Dini icma rəhbərləri diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, belə görüşlərin əhəmiyyətini yüksək dəyərləndirdiklərini vurğulayıblar.
Qeyd edilib ki, Azərbaycanda dini etiqad azadlığının təmin edilməsi, dinlərarası ünsiyyət körpüsünün yaradılması, hər kəsin etiqad və inancına hörmətlə yanaşılması dövlət siyasətinin prioritet istiqamətlərini təşkil edir.