Yuxarı

​Müsavat Partiyasının Məclis üzvü: "Partiya görün nə vəziyyətdədir ki, proseslərdən kənarda qalıb"

Rüfət Əliyev: Arif Hacılını istefaya çağırmışam

Bakı. 8 noyabr. REPORT.AZ/ "Müsavat Partiyasının qurultayında say komissiyasında təmsil olunurdum. Burada hər hansı bir saxtakarlığın olması mümkün deyildi. Lakin əsas olan seçkiöncəsi proseslərdir. Məhz seçkiöncəsi proseslərə görə qurultayın nəticələrini legitim hesab etmirəm və Arif Hacılını başqanlıqdan istefa verməyə çağırmışam".

Bunu "Report"a Müsavat Partiyasının Məclis üzvü, partiyanın Zəngilan rayon təşkilatının sədri Rüfət Əliyev deyib. O qeyd edib ki, hazırda partiya daxilində fraksiyanın yaradılması qaçılmazdır: "Müsavat Partiyası kiminsə şəxsi mülki deyil. Buna görə də hələ ki, istefa verməyi düşünmürəm. Amma gərək sözün keçməyən yerdə sözünü deyil, yerini dəyişməlisən. Düşünürəm ki, narazılardan, bütövlükdə Qubad İbadoğlunun tərəfdarlarından ibarət fraksiya yaradılmalıdır. Lakin bu, təkcə mənim istəyimlə mümkün olan məsələ deyil".

R.Əliyev hazırki başqan müavinlərinin qurultaydan narazı qalanları aşağıladıqlarını da deyib: "Bizimlə bağlı tədbir görəcəklərini deyirlər. Nə istəyirlər, etsinlər. Müavinlərin səviyyəsiz çıxışlarından üzülürəm. Elman Fəttah kimi savadlı insan partiya rəhbərliyinin tam nəzarətinə keçib. Onun öz fikri yoxdur. Bu insanlar aşağılamaq ritorikasından kənara çıxa bilmirlər".

Məclis üzvü vurğulayıb ki, Müsavat Partiyasının hazırki rəhbərliyi Milli Şuranın mitinqinə dəstək verməməkdə düzgün addım atmır: "Müsavat Partiyası Milli Şuranın mitinqinə niyə qatılmır ki? Mitinq tərəfdarları olan insanlar indi Milli Şuranın təşkil etdiyi mitinqə dəstək vermirlər. Müsavat görün nə vəziyyətdədir ki, proseslərdən kənarda qalıb. Yəqin ki, Qubad İbadoğlunun tərəfdarları mitinqə dəstək verəcək".

Müsavat Partiyasının başqan müavini Elman Fəttah isə "Report"a açıqlamasında onun və partiyanın barəsində deyilənləri əsassız saydığını bildirib. O deyib ki, partiyanın seçkili orqanlarında idarəçilik demokratik sistemlərə əsaslanıb: "Kiminsə partiya haqqında mənfi rəy bildirməsinə təəssüflənirəm. Müsavat Partiyasının başqan müavinlərinin və üzvlərinin hər hansı təsir altına düşməsi ilə bağlı deyilənlər də doğru deyil. Partiyada tam demokratiyanın olmamasını iddia etmək böhtandır".

Başqan müavini qeyd edib ki, partiyada müavinlər səviyyəsində qurultaydan narazı qalanların aşağılanması ilə bağlı deyilənlər də həqiqətəuyğun deyil: "Partiyada heç kimi mövqeyinə görə aşağılanmır. Müsavatda tam demoratik mühit mövcuddur. Hər hansı partiya üzvü mənim barəmdə mənfi fikir səsləndirsə belə, onun haqqında fikirlərim dəyişməz qalır. Yəni, etikadan kənar ifadələrə belə, aqressiya göstərmirəm".

Qeyd edək ki, Müsavat Partiyasının sentyabrın 27-də keçirilən VIII qurultayında 228 səslə Arif Hacılı başqan seçilib. Qubad İbadoğlu isə 220 səslə ikinci olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi