Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən hərbi qulluqçuların xidmət və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər davam etdirilir.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib.
Müdafiə Nazirliyinin rəhbərliyi Kəlbəcər və Laçın rayonları ərazisində yerləşən əsaslı təmir olunmuş hərbi hissələrə baxış keçirib. Əvvəlcə tank bölmələrinin döyüş hazırlığının səviyyəsini yoxlayan Müdafiə naziri burada hərbi qulluqçular üçün yaradılan şəraitlə maraqlanıb.
Məruzə olunub ki, hərbi hissədə şəxsi heyətin xidməti üçün bütün lazımi şərait yaradılıb. Sonra Müdafiə Nazirliyinin rəhbərliyi qeyd olunan ərazilərdə dislokasiya olunan digər hərbi hissələri ziyarət edib.
Bildirilib ki, hərbi hissələr müasir avadanlıq, mebel və inventarlarla təchiz edilib. Şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması məqsədilə silah otaqları, yataqxana, yeməkxana, mətbəx, tibb məntəqələri, ərzaq və əşya anbarları, hamam-sanitar qovşaqları istifadəyə verilib. Ərazilərin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb.
Müdafiə naziri şəxsi heyətlə görüşərək Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan zəfərin tarixi əhəmiyyətini bir daha hərbi qulluqçuların diqqətinə çatdırıb, onlara xidmətlərində uğurlar arzulayıb.
Sonda Müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq tapşırıqlar verib.