Veb-kameralar məntəqələrdəki prosesləri izlənilməsi baxımından ən yüksək səviyyədədir.
"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, 2008-ci ildən Azərbaycanda seçki məntəqələrinə veb-kameralar quraşdırılıb: "Demokratik, şəffaf, ədalətli seçkinin keçirilməsi üçün əlverişli mühit olmalıdır. Ona görə veb-kameraların quraşdırılması da prezidentin sərəncamı ilə ölkə büdcəsi hesabına həyata keçirildi. Buna görə də cənab prezidentə minnətdarıq".
MSK sədri bildirib ki, veb-kameralar quraşdırılan 1000 məntəqə ölkənin bütün coğrafiyasını əhatə edir: "Seçki məntəqələrinə veb-kameraların quraşdırılması işinə üç qurum - MSK, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti həyata keçirir. Seçki günü bütün proseslər kameralar vasitəsilə qeydə alınacaq. Heç bir icazə və qeydiyyat olmadan bütün dünyadan həmin kameralar vasitəsilə seçki prosesini izləmək mümkündür".