Milli Məclisdə ana və uşaq ölümləri mövzusuna həsr olunmuş “dəyirmi masa” keçirilib

Milli Məclisdə ana və uşaq ölümləri mövzusuna həsr olunmuş “dəyirmi masa” keçirilib "Uşaq ölümlərinin 55 faizi səhiyyə xidmətləri, 45 faizi isə qida çatışmazlığı ilə bağlıdır"
Daxili siyasət
24 Oktyabr , 2016 15:19
Milli Məclisdə ana və uşaq ölümləri mövzusuna həsr olunmuş “dəyirmi masa” keçirilib

Bakı. 24 oktyabr. REPORT.AZ/ Milli Məclisin Səhiyyə komitəsi Avropa Parlament Forumu ilə birgə ana və uşaq ölümləri mövzusuna həsr olunmuş “dəyirmi masa” keçirib.

“Report”un məlumatına görə, komitənin sədri Əhliman Əmiraslanov Azərbaycanda istər ana, istərsə də uşaq ölümü göstəricilərinin xeyli dərəcədə azaldığını bildirib: "Ancaq bu sahədə problemlər hələ də qalmaqdadır. Bəzən ana və uşaq ölümlərinin bütün məsuliyyətini həkimlərin üzərlərinə qoyurlar. Bu, düzgün deyil. Hər bir ölkənin əsas inkişaf göstəricilərindən biri də ana və uşaq ölümü göstəricisidir. Azərbaycanda ana və uşaq sağlamlığının qorunmasına dövlət səviyyəsində qayğı var, kadr təminatı sahəsində ciddi tədbirlər görülüb".

Onun sözlərinə görə, dünyadakı bütün ana ölümlərinin 50 faizi Afrika qitəsində yaşayanların payına düşür: "İnkişaf etmiş ölkələrdə bu göstərici cəmi 1 faizdir. Hər bir ana və uşaq ölümü böyük faciədir. Əgər uşaq ölümünün göstəricilərinin coğrafiyasına nəzər salsaq, ölkələr arasında böyük fərqlər olduğunu görərik. 1990-cı ilin məlumatına görə, bir gündə dünyada 5 yaşına çatmamış 18 min uşaq dünyasını dəyişirdi. Əslində, bu ölümlərə təsir edən tibbi faktorlar var. Bu gün də uşaq ölümlərinin əsas səbəbləri pnevmaniya, malyariya və sairdir. Çox təəssüflə qeyd etmək istərdim ki, uşaq ölümlərinin 55 faizi səhiyyə xidmətləri, 45 faizi isə qida çatışmazlığı ilə bağlıdır. Şübhəsiz ki, bunlar hamısı çox mürəkkəb məsələlərdir. Bu gün bütün dünya rəhbərləri bu barədə fikirləşirlər”.

Milli Məclisin vitse-spikeri Bahar Muradova qeyd edib ki, sağlamlıq və təhsil olmayan yerdə inkişafdan söhbət gedə bilməz: “Bu kimi tədbirlərdə diqqət daha çox problemlərin həllinə yönəldilməli və səylərin birləşdirilməsinə çalışılmalıdır. Parlament bütün istiqamətlərdə qanunlar qəbul etməklə yanaşı, konkret sahələri də tənzimləyən qanunlar qəbul edib. Hazırda səhiyyə sahəsi üzrə kifayət qədər ciddi qanunverici bazamız mövcuddur”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə artıq Ailə Strategiyası hazırladıqlarını vurğulayıb: "Bu strategiyada ailənin, qadınların sağlamlığı kimi məsələlər əhatə olunub".

Dövlət Komitəsinin sədri deyib ki, bu gün Azərbaycanda ailənin, onun hər bir üzvünün hüquqlarının müdafiəsi sahəsində ən güclü qanunvericlik bazası formalaşdırılıb: “Biz bir çox məsələlərdə kimdənsə nə isə öyrənməyi düşünürük. Ancaq Azərbaycanın təcrübəsinin bir çox ölkələrdə öyrənilməsi üçün bizə çox müraciətlər edilir. Bizə hətta beynəlxalq təşkilatlar da müraciət edirlər. Onların nümayəndələri Azərbaycana gələrək təcrübəmizi öyrənmək istəyirlər. Ən önəmlisi icra strukturları, qanunvericilik qolları, məhkəmə sistemi arasında çox güclü əməkdaşlığın qurulmasıdır”.

Tədbir digər çıxışlarla davam etdirilib.

Son xəbərlər

Orphus sistemi