“İstedad sərhədsizdir” adlı sərgi keçirilib - FOTOREPORTAJ

“İstedad sərhədsizdir” adlı sərgi keçirilib - FOTOREPORTAJ Azərbaycan Milli Xalça Muzeyində "İstedad sərhədsizdir" adlı fiziki imkanları məhdud şəxslərin əl işlərindən ibarət sərgi-satış keçirilib.
İncəsənət
6 Dekabr , 2022 17:15
“İstedad sərhədsizdir” adlı sərgi keçirilib - FOTOREPORTAJ

Azərbaycan Milli Xalça Muzeyində "İstedad sərhədsizdir" adlı fiziki imkanları məhdud şəxslərin əl işlərindən ibarət sərgi-satış keçirilib.

"Report" xəbər verir ki, sərgi Azərbaycan Milli Xalça Muzeyi, Mədəniyyət Nazirliyinin tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Əlilliyi Olan Şəxslərə Sosial Dəstək İctimai Birliyi tərəfindən təşkil olunub.

Sərginin keçirilməsində məqsəd əlilliyi olan istedadlı şəxslərin fəaliyyətini ictimaiyyətə təqdim etmək və əl işlərinin satışına dəstək göstərməkdir.

Sərgidə Azərbaycanda akkreditə olunmuş səfirliklərin, diplomatik korpus nümayəndələrinin, ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların, özəl və qeyri-hökumət təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva çıxışında bildirib ki, əlilliyi olan istedadlı şəxslərin cəmiyyətə inteqrasiyası qürurvericidir.

Tədbirdə iştirak edən bütün uşaqlarla qürurlandığını bildirən A.Musayeva söyləyib ki, onlar xüsusi istedada və bacarığa malik uşaqlardır: "Mən bir daha cəmiyyətə və valideynlərə çağırış edirəm. Bu gün valideynlər geri çəkilməməlidir, çünki o uşaqlar bizim övladlarımız və gələcəyimizidir. Ətrafı eşitməsələr, görməsələ belə, hiss edirlər".

Tədbirdə vurğulanıb ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun köməkliyi ilə əlillər üçün xüsusi mərkəzlər tikilir, onların vaxtaşırı zəruri ehtiyacları ödənilir və bir çox xeyirxah işlər görülür.

Qeyd edilib ki, dövlət fiziki məhdudiyyətli vətəndaşların qabiliyyətini, bacarığını üzə çıxarmaqla onların iş yerində və əmək bazarında verdikləri töhfənin tanınmasına kömək göstərir. Bundan əlavə, ölkədə cəmiyyətin bir hissəsi olan fiziki məhdudiyyətli insanlara dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir, hər ilin 3 dekabr tarixi Beynəlxalq Əlillər Günü kimi qeyd olunur.

Sərgidə fiziki məhdudiyyətli şəxslər tərəfindən hazırlanmış suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq, tikmə və toxuma nümunələri, rəsmlər, bəzək əşyaları, aksesuarlar və s. nümayiş olunub. Tədbirin bədii hissəsində isə sənətkarlar tərəfindən müxtəlif ustad-dərsləri, həmçinin xüsusi internat şagirdlərinin çıxışlarından ibarət konsert proqramı təşkil edilib.

Bundan başqa, tədbir zamanı sosial videoçarxlar nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi