İmir Məmmədli: “Eduard Şevardnadze çətin məqamlarda Heydər Əliyevdən məsləhət aldığını dəfələrlə vurğulayırdı” - MÜSAHİBƏ

İmir Məmmədli: “Eduard Şevardnadze çətin məqamlarda Heydər Əliyevdən məsləhət aldığını dəfələrlə vurğulayırdı” - MÜSAHİBƏ “Heydər Əliyevin sozləri Gürcüstan azərbaycanlılarında əminlik yaratdı”
Daxili siyasət
10 May , 2021 10:00
İmir Məmmədli: “Eduard Şevardnadze çətin məqamlarda Heydər Əliyevdən məsləhət aldığını dəfələrlə vurğulayırdı” - MÜSAHİBƏ

Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Gürcüstanın ikinci prezidenti (1995-2003) mərhum Eduard Şevardnadzenin görüşlərində tərcüməçi kimi Gürcüstanın tanınmış azərbaycanlı ictimai xadimi İmir Məmmədli çıxış edib. Ulu öndərin anadan olmasının 98-ci ildönümü ərəfəsində Gürcüstanın Dövlət mükafatı laureatı, “Şərəf” ordenli yazıçı-dramaturq İ.Məmmədli “Report”un Gürcüstan bürosunun müxbiri ilə həmsöhbət olub, iki liderlə bağlı xatirələrini bölüşüb.

- İmir müəllim, Heydər Əliyevin 1996-cı ilin martında Gürcüstana ilk rəsmi səfəri zamanı onun gürcü həmkarı Eduard Şevardnadze ilə görüşlərində tərcüməçi Siz olmusunuz. Bundan öncə və əvvəl bu iki dövlət xadimi arasında tərcüməçilik etmisinizmi?

- Həmin illərdə Gürcüstan Prezident Aparatında çalışırdım. Bəli, düz buyurursunuz. Heydər Əliyevin Gürcüstana ilk rəsmi səfəri zamanı bütün ikitərəfli görüşləri mən tərcümə etdim. Həmin səfər zamanı Gürcüstanın Dövlət Opera Teatrının binasında gürcüstanlı soydaşlarımızın və bir sıra gürcü ziyalıların ulu öndərlə təşkil olunan görüşünü də aparmaq mənə qismət oldu. Ondan əvvəl mən iki dövlət başçısının rəsmi görüşlərində iştirak etməmişdim, amma sonrakı bütün görüşlərdə oldum. Hətta yadımdadır, ulu öndər Gürcüstana rəsmi səfərlərinin birində bu ölkənin parlamenti qarşısında çıxış etməli idi. Hansısa səbəbdən onun tərcüməçisi gəlməmişdi. Belə qərara alındı ki, Heydər Əliyevin həmin çıxışını da mən tərcümə edim. Parlamentin binasına gəldik. Prezidentin çıxışına cəmi on dəqiqə qalmış ona məruzə etdilər ki, Bakıdan onun öz tərcüməçisi gəlib. Heydər Əliyev bunu eşidəndə dedi: “Bəyəm İmir Məmmədli burada deyil? Mən istəyirəm, məni İmir tərcümə etsin. Çünki o mənim yalnız kəlmələrimi deyil, həm də emosiyalarımı tərcümə edir”. Onun bu sözləri məni çox ruhlandırdı və həmin çıxışını böyük ruh yüksəkliyi ilə tərcümə etdim.

- Heydər Əliyev və Eduard Şevardnadze arasında uzun illərə söykənən sıx və səmimi dostluq münasibətləri var idi. Bu əlaqələrin necə güclü olduğunu müşahidə etmisinizmi?

- Onların qarşılıqlı hörməti var idi. Eduard Şevardnadze ulu öndəri özünün müəllimi, başbiləni hesab edirdi. O, şəxsi söhbətlərdə dəfələrlə vurğulayırdı ki, çox şeyi Heydər Əliyevdən öyrənir, çətin məqamlarda ondan məsləhət alırdı.

- Hər iki görkəmli dövlət xadiminin iştirak etdiyi görüş və tədbirlərdə hər hansı yaddaqalan məqamlar baş veribmi?

- Bir dəfə Heydər Əliyevin Gürcüstana rəsmi səfərinin yekununda onun şərəfinə verilən ziyafətdə Azərbaycanın görkəmli bəstəkarı Tofiq Quliyev dövlət başçılarının şərəfinə sağlıq deyirdi. Nədənsə ona Eduard Şevardnadzenin atasının adını tələffüz etmək çətin oldu. Bir neçə dəfə Eduard Ambrrr... dedi amma arxasını gətirə bilmədi. Eduard Şevardnadze gülə-gülə məsələyə müdaxilə etdi və dedi: “Narahat olmayın, onu deməkdə mən özüm də çətinlik çəkirəm”. Ancaq həmin an böyük bəstəkar “Ambrosiyeviç” deməyə müvəffəq oldu.

- Heydər Əliyev ilk rəsmi səfəri çərçivəsində Tbilisi Cümə məscidinə də baş çəkib. Bu məsciddə Eduard Şevardnadze və digər gürcü məmurların bir hərəkəti indiyədək danışılır. Həmin məqam yadınızdadırmı?

- Bəli, yadımdadır. Məscidə daxil olarkən ulu öndər ayaqqabılarını çıxardı. Ona baxıb Eduard Şevardnadze də, başqa məmurlar da ayaqlarını soyundular.

- Ümummilli liderin Gürcüstanda azərbaycanlıların diaspor olmamaları ilə bağlı tarixi ifadəsi var. Həmin sözlər Gürcüstanın Dövlət Opera Teatrında keçirilən görüşdə səsləndirilib. Görüşün iştirakçısı kimi o sözləri və zalın reaksiyasını necə xatırlayırsınız?

- Bəli, yuxarıda da qeyd etdiyim kimi, həmin görüşü aparmaq mənə həvalə olundu. Həmin epizod yaxşı yadımdadır. Görüşü yekunlaşdıran Heydər Əliyev üzünü zala tutub dedi: “Bu insanlar Gürcüstanda diaspor deyil, onlar yerli əhalidir, öz dədə-baba yurdlarında yaşayırlar”. Həmin dövrdə Eduard Şevardnadzedən əvvəlki hakimiyyətin bəzi millətçi şüarları hələ də xalqın yadında idi. Heydər Əliyevin bu sozləri azərbaycanlılarda əminlik və arxayınlıq yaratdı, öz dədə-baba yurdlarına inamı daha da artırdı.

- Heydər Əliyevin Sizinlə hər hansı bir dialoqu olubmu? Sizə münasibəti necə idi?

- Ulu öndər mənə İmir deyil, Əmir deyirdi. Bir dəfə görüşlərin birində bilərəkdən tarixdən danışaraq vaxtı ilə Tbilisidə olan əmirlərdən söz saldı. Ani pauzadan sonra isə Eduard Şevardnadzeyə üz tutaraq əlavə etdi: “Əmirə əmirlik verməyin vaxtı çatmadımı?” (gülür). Elə parlamentdəki çıxışından öncə “İmir mənim emosiyalarımı da tərcümə edir” deməsi düşünürəm ki, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının onun nəzərində olduğuna bir işarə idi.

- Sizin üçün söz çox dəyərlidir. Maraqlıdır, güclü və məharətli natiq olan Heydər Əliyevin hansı sözləri Sizi daha çox təsirləndirib?

- Xatirimdədir, ulu öndərin təşəbbüsü ilə Bakıda Dünya Azərbaycanlılarının I Qurulatyı keçirilirdi. Mən həmin tədbirin nümayəndəsi idim. Heydər Əliyev çıxışının yekununda belə bir fikir söylədi: “Soydaşlarım, siz dünyanın müxtəlif ölkələrində yaşaya bilərsiniz, amma yadınızda saxlayın sizin ayağınızın altında heç bir torpaq Azərbaycan torpağı qədər etibarlı ola bilməz”. Onun bu sözləri mənə çox təsir etdi və yaddaşıma əbədi həkk olundu.

- İmir müəllim, müsahibəyə görə təşəkkür edirəm.

Müsahibəyə əlavə olunan fotoşəkillər İ.Məmmədlinin şəxsi və Gürcüstanın Milli Parlament Kitabxanasının arxivinə aiddir. Mərkəzi kitabxanada saxlanılan fotoşəkillərin müəllifi tanınmış fotoqraf Şahvələd Eyvazovdur.

Son xəbərlər

Orphus sistemi