Azad edilmiş bütün ərazilərdə, o cümlədən lokal antiterror tədbirlərindən sonra suverenliyin bərpa edildiyi ərazilərdə sürətli bərpa-quruculuq işləri davam etdirilir və ilin sonunadək köç qrafikinə uyğun müvafiq yaşayış məntəqələrinə əhalinin geri qayıdışı nəzərdə tutulur.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyev Qərargahın Xankəndi şəhərində keçirilən növbəti iclasında deyib.
Dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə müasir infrastrukturun yaradılması, o cümlədən ərazilərin milli iqtisadiyyata sürətli reinteqrasiyası və dayanıqlı inkişafının təmin olunması istiqamətində çoxşaxəli layihələrin həyata keçirildiyi bildirilib. Bununla yanaşı, Qərargah rəhbəri qeyd edib ki, görülən kompleks tədbirlər geri qayıdan əhalinin layiqli yaşayış şəraitinin yaradılmasına və rifah halının yüksəldilməsinə xidmət edir.
S.Nuriyev işğaldan azad olunmuş ərazilərə bu ilin sonunadək 27 yaşayış məntəqəsi üzrə geri qayıdacaq əhalinin sayının ümumilikdə 25 min nəfərdən çox olacağını və növbəti illərdə bu rəqəmin getdikcə artacağını diqqətə çatdıraraq, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində görülən işlərin keyfiyyətli, vaxtında və əlaqələndirilmiş şəkildə icrasının vacibliyini xüsusi vurğulayıb.