Yuxarı

İntizam Komissiyası Oqtay Əsədovun Zahid Orucdan şikayətinə baxacaq

Deputat Zahid Oruc Komissiyanın iclasına dəvət olunacaq

Bakı. 24 iyun. REPORT.AZ/ Milli Məclisin İntizam Komissiyası yaxın günlərdə iclas keçirəcək.

"Report"un xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında komissiyanın sədri Ağacan Abıyev məlumat verib.

O bildirib ki, deputat Zahid Oruc Komissiyanın iclasına dəvət olunacaq: "Buna səbəb onun bəzi qaydaları yadından çıxarmasıdır. Hər bir deputatın başqa bir deputat həmkarı ilə söz güləşdirməyə haqqı var. Lakin hər bir deputat sədrin fikrinə hörmətlə yanaşmalıdır. Çünki sədri 125 deputat və xalq seçib. Parlament sədri ilə üzvlər arasında bir məsafə olmalıdır. O yuxarıda, biz isə aşağıda otururuq".

A.Abıyev qeyd edib ki, parlament üzvünün sədrlə söz güləşdirmək haqqı yoxdur: "Bu, qanunvericliyə ziddir. Deputat sədrlə söz güləşdirsə, bu, parlament olmaz. Sədr bizi idarə edir. Qayda-qanuna riayət etmək lazımdır. Əgər bunları bacarmırsa, deputatın burada nə işi var? Cavan oğlandır, yaxşı deputatdır, gələcəyi var. Heç olmasa kişinin yaşına, tutduğu vəzifəyə hörmət etmək lazımdır".

Komissiyanın iclasında Zahid Orucla bir həmkar kimi söhbət ediləcəyini deyən Ağacan Abıyev əlavə edib ki, 12 nəfər komissiya üzvü öz fikrini bildirəcək: "Burada hər hansı cəza yoxdur, ancaq tövsiyə verə bilərik".

Xatırladaq ki, parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının sonuncu iclasında MM sədri Oqtay Əsədovla millət vəkili Zahid Oruc arasında mübahisə düşüb. Vergi Məcəlləsinə təklif edilən dəyişikliklə bağlı müzakirələrdə, millət vəkilinin çıxışı saxlanılıb, o isə buna etiraz edərək danışmaq istədiyini bildirib. Spiker ona irad tutaraq deyib ki, Z.Oruc hər dəfə mövzudan kənar məsələlərə toxunur. O.Əsədov deyib ki, bir daha ona söz verməyəcək: “Çünki Zahid, sən özünü düzgün aparmırsan. Sənin səviyyən yoxdur. Bunu da bu gün gördüm”.

Z.Oruc isə bildirib ki, sədrin “səviyyəsiz” sözünü işlətməsi düzgün deyil.

Oqtay Əsədov isə parlamentin İntizam Komissiyasının sədri Ağacan Abiyevə müraciət edərək deputat Zahid Orucun etik-davranış qaydalarına düzgün riayət etmədiyinə görə, komissiyaya dəvət edilməsini və məsələnin araşdırılmasını istəyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi