Gəncədə Mir Cəlal Paşayevin ev muzeyində elmi konfrans keçirilib - YENİLƏNİB

Daxili siyasət
  • 19 aprel, 2023
  • 11:45
Gəncədə Mir Cəlal Paşayevin ev muzeyində elmi konfrans keçirilib - YENİLƏNİB

Bakı Dövlət Universitetinin (BDU) professor-müəllim heyəti Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində görkəmli ədibin Gəncə şəhərində yerləşən ev-muzeyini ziyarət edib.

"Report" xəbər verir ki, ev-muzeyində təşkil olunan mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev görkəmli alim, pedaqoq Mir Cəlal Paşayevin xatirəsini özündə yaşadan bu muzeyi ziyarət etməyin mənəvi borc olduğunu bildirib.

Rektor diqqətə çatdırıb ki, BDU tərəfindən böyük yazıçı və alimin 115 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir:

"Aprelin 18-də isə BDU-da böyük yazıçı və alimin 115 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib. BDU-nun nüfuzlu professoru, sevimli müəllimi kimi xatirələrdə daim yaşayan Mir Cəlal müəllim həqiqət, düzlük, səmimiyyət aşiqi, ailəsini, övladlarını, tələbələrini sevən, qoruyan şəxsiyyət olub. Onun bu kəlamı indi də dillər əzbəridir: "Həyatımda yaratdığım ən böyük əsər ailəmdir". Bu, Mir Cəlal müəllimin ailəsinə, övladlarına olan məhəbbətinin təzahürü idi”.

Sonra rektor Elçin Babayev ev-muzeyinə görkəmli ədibin az nüsxədə mövcud olan "Seçilmiş hekayələr (1940)", "Sevinc (1950)" kitablarını və “Bestcomp” şirkətinin dəstəyi ilə alınan kompüter dəstini hədiyyə edib.

ADA Universitetinin rektoru Hafiz Paşayev Mir Cəlal irsinin öyrənilməsi və təbliği istiqamətində BDU-nun təşəbbüsünü alqışladığını, tələbələrin də bu işdə yaxından iştirakından sevinc hissi keçirdiyini bildirib.

Hafiz Paşayev qeyd edib ki, Mir Cəlalın ailəsi həm də Bakı Dövlət Universiteti, buradakı minlərlə tələbəsi idi.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Mir Cəlal Paşayevin ədəbi irsinin bütün nəsillər üçün əsl məktəb olduğunu vurğulayıb.

Daha sonra BDU-nun tələbələri arasında böyük yazıçı və alim Mir Cəlal Paşayevin 115 illik yubileyi münasibətilə elan edilmiş qısa hekayə müsabiqəsinin nəticələri elan olunub.

Müsabiqədə I yerə Filologiya fakültəsinin IV kurs tələbəsi Fidan Hüseynova, II yerə II kurs tələbəsi Nuridə İsmayılova, III yerə Hüquq fakültəsinin II kurs tələbəsi Nurlanə Şirinova layiq görülüblər.

Mexanika-riyaziyyat fakültəsinin II kurs magistrantı Fatimə Musayeva və Filologiya fakültəsinin I kurs tələbəsi Aytac Salahlı müsabiqənin xüsusi mükafatını qazanıblar.

Müsabiqədə I yerin qalibi Fidan Hüseynova öz hekayəsini oxuyub.

Daha sonra BDU rektoru muzeyin “Xatirə kitabı”na ürək sözlərini yazıb.

15.41

Görkəmli alim, Əməkdar elm xadimi Mir Cəlal Paşayevin 115 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, konfrans mərhum alimin ev muzeyində baş tutub.

Konfransda ADA Universitetinin rektoru Hafiz Paşayev, Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev və digərləri iştirak ediblər.

Tədbirdə alimin həyat yolundan bəhs olunub.

Sonda Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş qısa hekayə müsabiqəsinin qaliblərinə hədiyyələr təqdim edilib.

Qonaqlar Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli məktəbdə də olublar.