Ermənistana qarşı iddia qaldırmış laçınlı: "Bu torpağa böyük məhəbbətimiz, sevgimiz var"

Ermənistana qarşı iddia qaldırmış laçınlı: "Bu torpağa böyük məhəbbətimiz, sevgimiz var" "Laçın rayonunun Kamallı kəndində doğulmuşam. Laçın şəhəri işğal edilənə qədər orada yaşamışam".
Daxili siyasət
24 Avqust , 2022 12:45
Ermənistana qarşı iddia qaldırmış laçınlı: Bu torpağa böyük məhəbbətimiz, sevgimiz var
Fəxrəddin Paşayev

"Laçın rayonunun Kamallı kəndində doğulmuşam. Laçın şəhəri işğal edilənə qədər orada yaşamışam".

Bu fikirləri "Report"un Laçın rayonuna ezam olunmuş əməkdaşına açıqlamasında yerli sakin Fəxrəddin Paşayev deyib.

O bildirib ki, ulu babaları da Kamallı kəndində yaşayıb:

"Əfsuslar olsun ki, 1992-ci ilin may ayının 18-də doğma yurdum düşmən tərəfindən işğal edildi. Təcavüzkar ermənilər kəndimizi məhv edərək xarabalığa çevirib. Vəhşilər evlərə, təbiətə zərbə vurmaqla düşünüblər ki, bura yerli sakinlər qayıtmayacaqlar. Ancaq böyük səhv ediblər. Bizim bu torpağa böyük məhəbbətimiz, sevgimiz var".

"Biz 2005-ci ildə 6 laçınlı məcburi köçkün və müharibə veteranı - mən, Elxan Çıraqov, Adışirin Çıraqov, Ramiz Cəbrayılov, Akif Həsənov və Qaraca Cəbrayılov İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etdik. Çox uzun və gərgin mübarizədən sonra 2015-ci ildə məhkəmə “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə xeyrimizə qərar çıxardı. Lakin Ermənistan hələ də qərarın icrasını yerinə yetirmir. Onlar utanmadan bizim əleyhimizə Avropa Məhkəməsində iddia qaldırırlar. Məhkəmə ermənilərin iddialarını rədd edir. Biz 6 zərərçəkmişin xeyrinə Avropa Məhkəməsi simvolik olaraq 6 min avroluq qərar çıxarıb. Hansı ki, bizə dəyən ziyan 2 milyon civarındadır. Biz bunları faktlarla sübuta yetirmişik. Bundan sonra da iddialarımız tam təmin olunana qədər Ermənistana qarşı öz mübarizəmizi dayandırmayacağıq", - Laçın sakini vurğulayıb.

F.Paşayev digər laçınlılara da müraciət edib:

"Biz istəyirik ki, digər laçınlı məcburi köçkünlər də Ermənistana qarşı iddia qaldırsınlar. Biz həmin şəxslərlə öz təcrübəmizi bölüşməyə hazırıq və onlara dəstək göstərə bilərik. Biz bütün dünyaya sübut edəcəyik ki, Ermənistan işğalçı dövlətdir".

Qeyd edək ki, 6 nəfər laçınlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə 2015-ci ildə qəbul etdiyi qərara əsasən zərərçəkmiş kimi tanınıblar. Həmin məcburi köçkünlər bugünlərdə doğma Laçın rayonuna səfər ediblər.

Son xəbərlər

Orphus sistemi