“Zabuxla bağlı arzularım çoxdur. İndi onlar həyata keçir".
“Report” xəbər verir ki, bu sözləri jurnalistlərə Laçın rayonu, Zabux kənd sakini, keçmiş məcburi köçkün Əliş Binnətov deyib.
O, qeyd edib ki, doğma yurdunu Ermənistanın işğalı səbəbindən tərk etməyə məcbur olub:
“Mən Zabuxu 28 yaşımda tərk etmişəm. Laçınla bağlı xatirələrim çoxdur. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizi qorusun. Uca Allah cənab Prezidentimiz İlham Əliyevi qorusun”.
Artıq Ə.Binnətov Laçında işə düzəlib: “Orada bizim üçün hər cür şərait yaradılıb. Ermənilər evimizi dağıtmışdılar. Kənd yenidən qurulub, hər cür şərait mövcuddur. Çox sevinirik”.
Qeyd edək ki, bu gün rayonun Zabux kəndinə daha 25 ailənin - 91 nəfərin köçü başlayıb. Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3” yaşayış kompleksində Zabux sakinləri kəndə yola salınıb.
Bununla da bu günədək Zabuxda ümumilikdə 96 ailənin, yəni 382 nəfərin daimi məskunlaşması təmin edilib.
Zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Köçürülən ailələr Zabux kəndində yenidən tikilən evlərdə məskunlaşacaqlar.