Sosial Tədqiqatlar Mərkəzi (STM) davamlı olaraq ictimai rəyi, sosial dinamikanı, cəmiyyətdə baş verən tendensiyaları, aparıcı düşüncələri, istiqamətləri tədqiq edir, sorğularla nəticələri əldə edir, analitik sənədlər ərsəyə gətirir, dövlət rəhbərliyinə, müvafiq qurumlara, ictimaiyyətə açıq və qapalı arayışlarla, təqdimatlarla prosesdə iştirakını həyata keçirir.
Mərkəzdən "Report"a bildirilib ki, STM hazırda bir çox istiqamətlərdə paralel tədqiqatlarla yanaşı, hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında ailələrin vəziyyəti, ailədaxili münasibətlər, proseslər, yeni ailə dəyərləri və s. mövzularda fundamental sorğu sənədini ərsəyə gətirmək üzrədir.
Qeyd olunub ki, STM gündəlik dinamikanı öyrənmkələ, qiymətləmndirməklə, blits sorğulara müraciət edir, sosial düşüncənin dəyişən sərhədlərini tədqiq edir, öyrənir, nəticələr barədə ictimai açıqlamalar aparır.
Beləliklə, STM ölkənin 8 iqtisadi-coğrafi rayonunda 1121 respondentin rəyini öyrənib.
Tədqiqat çərçivəsində respondentlərin seçimində təsadüfi seçmənin çoxpilləli stratifikasiya yanaşmasından istifadə edilib ki, bu da hər bir vətəndaşa bərabər səviyyədə iştirak imkanı verib.
Keçirilən rəy sorğusunda ümumilikdə 1121 respondent iştirak edib. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 3% təşkil edir.
Genişmiqyaslı tədqiqatdan öncə 20 respondentlə sınaq tədqiqatı keçirilib. Tədqiqat işi 2021-ci ilin aprelin 25-dən mayın 18-dək olan dövrdə keçirilib. Telefon zəngləri saat 10:00-21:00 arasında edilib. Sorğunun keçirilməsində 4 anketyor iştirak edib.
Sorğu keçirildiyi müddətdə tədqiqatın etik qaydalarına əməl olunub. Respondentlərin hər birinə sorğunu keçirən təşkilat, sorğunun məqsədi və qaydaları haqda tam məlumat verilib.
Müsahibələrin məxfiliyi ciddi şəkildə qorunub. Bütün müsahibələrdə anonimlik təmin edilib.
Hərbi Qənimətlər Parkına münasibət
10 Noyabr 2020-ci il tarixində milli ordumuzun qələbəsi ilə yekunlaşan Vətən Müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin ələ keçirdiyi Ermənistan ordusuna məxsus eksponatların sərgiləndiyi Hərbi Qənimətlər Parkı aprelin 12-də açılıb. Böyük hərbi və tarixi əhəmiyyətə malik park açıldığı ilk gündən ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Hərbi Qənimətlər Parkına dair ictimai rəyi öyrənmək məqsədilə Sosial Tədqiqatlar Mərkəzi tərəfindən sorğu keçirilib
Ali təhsilli respondentlər arasında parkın açılmasına dair məlumatlılıq səviyyəsi daha yüksək olduğu halda, ən aşağı göstərici orta təhsilli respondentlər üzrədir. Bakı və Aran iqtisadi rayonunda əhalinin 70%-dən çox hissəsi parkın açılmasından xəbərdardır ki, bu da digər regionlardan ən azı 10% daha yüksəkdir. Aylıq gəlir artdıqca məlumatlılıq səviyyəsi yüksəlir.
Parkın açılmasına münasibətə gəlincə, əksəriyyət (86%) parkın açılmasına müxtəlif dərəcələrdə yaxşı münasibət bildirsə də, 7% respondent neytral mövqedədir. Yuxarı Qarabağ (Bərdə ətraf rayonlar), Dağlıq Şirvan və Şəki-Zaqatala iqtisadi rayonuna aid olan respondentlərin daha böyük hissəsi digər ərazilərə nisbətdə parkın açılmasına müsbət münasibət göstərir.
Müsbət münasibət göstərən respondentlərin təxminən 65%-i parkı qələbəmizin rəmzi kimi görür.
Hərbi Qənimətlər Parkının yaradılmasını erməni ordusunun gücsüzlüyü kimi hesab edən respondentlərin sayı 53 faizə bərabərdir. (Nəticələr ayrı qiymətləndirildiyi üçün 100 faizdən yuxarı ola bilər)
Sorğu keçirildiyi müddətdə respondentlərin cəmi 5%-i Hərbi Qənimətlər Parkını ziyarət etdiyini bildirib. Parka getməyənlərin 71%-i oraya ziyarəti planlaşdırsa da, 21,6% neytral düşüncəyə sahibdir. Bakıda yaşayanların 12,5%-i parkı ziyarət edib ki, bu da digər bölgələrə nisbətdə 2 dəfədən çoxdur.
Azad olunan torpaqları ziyarət etmək niyyəti
Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən başlayan hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu 7 rayonu, eyni zamanda Dağlıq Qarabağın ən əhəmiyyətli mövqelərini - Şuşa, Xocavəndin böyük hissəsini, Xocalının bəzi kəndlərini, Talış qəsəbəsini, Hadrut və Suqovuşanı işğaldan azad edib. İşğaldan azad olunan torpaqlarda yenidənqurma və əhalinin köçü hazırda siyasi və ictimai sferanın əsas məsələlərindən biridir. Sosial Tədqiqatlar Mərkəzi tərəfindən keçirilən rəy sorğusunda respondentlərin işğaldan azad olunan torpaqları ziyarət etmək niyyəti öyrənilib.
İnfrastrukturun tam bərpa olunması halında 67,1% respondent dərhal, 18% respondent isə bir neçə aydan sonra həmin yerləri ziyarət edəcəyini bildirib. Demək olar ki, hər 10 nəfərdən biri işğaldan azad olunan torpaqları yalnız bir neçə ildən sonra ziyarət etmək niyyətinin olduğunu ifadə edib. Cəmi 5% iştirakçı dövlətin təhlükəsizlik tədbirlərinin görülməsindən, ərazilərin minalardan təmizlənməsindən sonra ziyarət edəcəyini bildirib. Yaş və aylıq gəlir səviyyəsi artdıqca işğaldan azad olunan torpaqları dərhal ziyarət etmək istəyənlərin çəkisi artır. Orta peşə-ixtisas təhsilli və ali təhsillilərin ziyarət niyyəti digər təhsil qruplarındakı şəxslərə nisbətdə daha yüksəkdir. Yuxarı Qarabağdan olan respondentlərin 86%-i işğaldan azad olunan torpaqları dərhal ziyarət etmək istədiyini deyib ki, bu da ən yüksək göstəricidir. Paytaxtda məskunlaşan respondentlərin isə 63,3%-i eyni cavab variantını seçib. Yaxın gələcəkdə işğaldan azad olunan torpaqlara getmək niyyətini özündə əks etdirən göstəricilərə münasibətdə bölgələr üzrə Quba-Xaçmaz və Lənkəran diqqət çəkir. Ziyarət niyyəti olan 861 respondentin ən çox getmək istədiyi yerlər kimi bu ərazilər önə çıxıb – Şuşa (85%), Kəlbəcər (53%) və Laçın (44,5%).
Əhalinin vaksinasiyaya münasibəti
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixində təsdiq edilmiş Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq yanvarın 18-dən etibarən ilk olaraq səhiyyə işçilərinin peyvəndlənməsinə, fevralın 8-dən 65 yaşdan yuxarı vətəndaşların, fevralın 17-dən etibarən isə 50 yaş və bu yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılıb. Ölkədə vaksinasiya prosesində “Sinovac Biotech” şirkətinin inaktiv “CoronaVac” peyvəndinə üstünlük verilib. Əhali arasında virusa qarşı peyvənd olunma tempini öyrənmək və peyvənd edilənlərin sosial-demoqrafik profilini müəyyən etmək məqsədilə respondentlərə bir sıra suallar ünvanlanıb. Sorğuda iştirak edənlərin 30,6%-i artıq peyvənd edildiyini bildirib. Peyvənd olunanların 78,7%-i öz təşəbbüsü ilə, 21,3%-i isə iş yerindən tələb edildiyi üçün vaksinasiya olunduğunu bildirib. Orta peşə-ixtisas təhsilli və ali təhsilli respondentlər arasında peyvənd edilənlər orta təhsilli respondentlər arasında peyvənd edilənlərə nisbətdə daha geniş yayılıb. Aylıq gəliri 251-500 manat, 501 manat və bu məbləğdən daha artıq olanlar arasında peyvənd olunanların çəkisi 0-250 manat aylıq gəliri olanlar arasında peyvənd olunanlara nisbətdə 2 dəfədən çoxdur. Kişilərin 37.2%-i, qadınların isə 25%-i vaksinasiya olunub. Lənkəran və Aran bölgələrində yaşayanlar arasında peyvənd olunan respondentlər daha geniş yayılıb.
Rəyi soruşulanların 12%-i özü, 13.9%-də isə ailə üzvlərindən ən azı biri virusa yoluxub. Aylıq gəliri daha yüksək olan ailələrdə ən azı bir şəxsin koronavirusa yoluxmuş olma ehtimalı daha yüksəkdir. Belə ki, aylıq gəliri 501 manatdan yuxarı olan ailələrdə yoluxma göstəricisi respondentin özü üçün 20%, ailə üzvləri üçün 25%-dirsə, analoji göstərici 0-250 manat aralığında gəliri olanlar üçün 10% ətrafındadır.
Əhalinin icbari tibbi sığortaya münasibəti və ondan gözləntiləri
Həkimlərin əhaliyə göstərdikləri tibbi xidmətin keyfiyyətinə 21,8% respondent tam, 36,4% respondent qismən qane olduğunu, 34,4% respondent isə heç qane olmadığını bildirib. Yaş səviyyəsi artdıqca tibbi xidmətin keyfiyyətindən razılıq səviyyəsi aşağı enir. Məsələn, 18-25 yaşda olan iştirakçıların 90%-i bu və ya digər dərəcədə xidmətdən razıdırsa, 56 yaşdan yuxarı olanlar üçün bu göstərici 70%-ə enir. Ali təhsilli və aylıq gəliri 501 manatdan yüksək olan respondentlərin məmnuniyyəti digər müvafiq qruplara görə daha aşağıdır. Həkimlərin əhaliyə göstərdikləri tibbi xidmətin keyfiyyətindən razılığa görə Şəki-Zaqatala və Abşeron iqtisadi rayonları ilk sıralarda qərarlaşdığı halda, Quba-Xaçmaz iqtisadi rayonu son mövqedədir.
“Müvafiq qurumlar tərəfindən səhiyyə sisteminin idarə olunmasının keyfiyyəti sizi nə dərəcədə qane edir” sualına respondentlərin 13,5% tam, 38,4% qismən qane etdiyini, 38,5% heç qane etmədiyini, 9,7% isə cavab verməkdə çətinlik çəkdiyini bildirmişdir. Bu sual üzrə 65 yaş yuxarı və 36-45 yaş arasındakı respondentlərin narazılığı digər yaş qruplarına nisbətdə daha yüksəkdir. Təhsil səviyyəsi və aylıq gəlir səviyyəsi yüksəldikcə razılıq səviyyəsi aşağı enir.
63,5% respondent icbari tibbi sığortanın tətbiqindən xəbəri olduğunu, 36,5% respondent isə xəbəri olmadığını bildirib. Bir qayda olaraq, yaş səviyyəsi yüksəldikcə məlumatlılıq səviyyəsi də paralel olaraq artır. Məsələn, 18-25 yaş qrupunda olanların 45.8%-nin aprelin 1-indən Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə başlanması barədə xəbəri varsa, 56-65 yaş arasında olanlar üçün bu göstərici 73.6% təşkil edir. Ali təhsillilərin 81%-i, orta təhsillilərin isə 52.3%-i bu barədə məlumatlıdır. Kişilərin 71.7%-nin, qadınların isə 56.5%-nin icbari tibbi sığortanın tətbiqi barədə xəbəri var. Ən yüksək məlumatlılıq səviyyəsi Aran iqtisadi rayonu (70%), Bakı şəhəri (67.7%) və Şəki-Zaqatala iqtisadi rayonu (65.1%) üzrə müşahidə edilib. Quba-Xaçmaz və Dağlıq Şirvan iqtisadi rayonlarında bu göstərici 55% ətrafındadır.
‘‘İcbari tibbi sığortanın tətbiqi səhiyyə xidmətinin keyfiyyətinə necə təsir edəcək?’’ sualına 33,3% respondent tərəfindən keyfiyyətin artacağı, 16,3% respondent tərəfindən keyfiyyətin əvvəlki kimi orta qalacağı, 9,5% respondent tərəfindən keyfiyyətin əvvəlki kimi aşağı qalacağı, cəmi 4,2% respondent tərəfindən keyfiyyətin azalacağı proqnozu verilib. 34,9% respondent isə bu suala cavab verməkdə çətinlik çəkdiyini bildirib ki, bu da kifayət qədər böyük sayda əhalinin icbari tibbi sığortanın tətbiqindən hər hansı bir gözləntisinin olmadığına işarədir. 18-25 yaş arasında olan respondentlərin 28,1%-i keyfiyyətin artacağını düşündüyü halda, 46-55 və 56-65 yaş qrupunu təmsil edənlər üçün bu göstərici müvafiq olaraq 35,4% və 37,6%-ə bərabərdir. Ali və orta peşə-ixtisas təhsilli respondentlər arasında icbari tibbi sığortanın tətbiqinin səhiyyə xidmətinin keyfiyyətinə ya mənfi təsir edəcəyini, ya da heç bir təsiri olmayacağını hesab edənlər nisbətən daha çoxdur.
Sorğuda iştirak edənlərin 21,4%-nin özü və ya ailə üzvləri aprelin 1-dən dövlət xəstəxanalarına müraciət edib. Bakı və Abşeron istisna olmaqla digər bölgələrdə respondentlərin 20-30%-i aprelin 1-dən dövlət xəstəxanalarına müraciət edib. “Müraciət etdiyiniz sahə tibbi xidmət paketinə daxildirmi?” sualına 54,2% respondent “bəli”, 37,5% respondent “xeyr”, 8,3% respondent isə “çətinlik çəkirəm” cavabını verib. Bu məqsədlə ödənişin olunub-olunmamasına 32,5% respondent “bəli”, 67,5% respondent isə “xeyr” cavabını verib. Paketə daxil olan xidmətlərə müraciət edənlərin 17%-i ödəniş etdiyini bildirib.
Respondentlərin 6,5%-i dövlətin əhalinin tibbi sığortası üçün adambaşına ödədiyi məbləğin nə qədər olduğunu bildiyini, 39,6%-i bilmədiyini, 53,9%-i bu haqda məlumatının olmadığını qeyd edib. Gəlir və yaş səviyyəsi artdıqca bu barədə məlumatlılıq səviyyəsi artır.
Sorğuda iştirak edənlərin 21,4%-i icbari tibbi sığorta məqsədilə əməkhaqqından tutulan məbləğin onun üçün çox olduğunu, 62,4%-i çox olmadığını, 11,9%-i ona fərq etmədiyini, 4,3%-i isə cavab verməkdə çətinlik çəkdiyini bildirib. Maraqlıdır ki, əməkhaqqından tutulan məbləğə dair münasibət sosial-demoqrafik qruplar üzrə əhəmiyyətli dərəcədə fərqlənməyib.