Neft-qaz sektorunda Azərbaycanda həyata keçirilən layihələrin icrası uğurla gedir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycanın bir sıra televiziya kanallarına müsahibəsində deyib.
“Bizim əsas gəlir mənbəyimiz “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarıdır. Orada işlər plan üzrə gedir. İndi orada “Mərkəzi-Şərqi Azəri” adlanan yeni layihə icra edilir. Bu layihənin dəyəri təqribən 7 milyard dollara yaxındır. Bu layihənin icrası nəticəsində yeni mənbələrdən hasilat artacaq və təbii ki, enmənin kompensasiyasını təmin edəcəkdir. “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında hazırda 120-dən çox quyu fəaliyyətdədir və eyni zamanda, bu yataqların çox zəngin qaz ehtiyatları vardır: “Ona şərti olaraq “dərin qaz” deyilir və indi “dərin qaz”ın işlənməsi ilə əlaqədar Dövlət Neft Şirkəti öz tərəfdaşları ilə müvafiq işlər aparır”, - dövlət başçısı vurğulayıb.
Prezident bildirib ki, “Şahdəniz-2” layihəsi də icradadır:
“Artıq TANAP xətti ilə Türkiyəyə ötürülən qazın həcmi ildən-ilə artır. Əgər bir il bundan əvvəl Türkiyə bazarında Azərbaycan qazı 4-cü, 5-ci yerdə idisə, hazırda birinci yerdəyik və bu, həm bizim üçün, həm də Türkiyə üçün çox önəmlidir. Çünki qaz hər bir ölkənin enerji təhlükəsizliyini təmin edir. Bu gün Türkiyəyə qaz qardaş ölkədən gəlir və bu qazın həcminin artırılması istiqamətində əlavə addımlar atılacaq. “Abşeron” yatağında ikinci fazadan çıxarılacaq qaz da TANAP xətti ilə Türkiyəyə ötürüləcək və digər bazarlara ötürülə bilər”.
Eyni zamanda, Azərbaycan Prezidenti “Qarabağ” yatağının işlənilməsi ilə əlaqədar işlərin plan üzrə getdiyini vurğulayıb:
“Hazırda burada gördüyümüz dayaq bloku dənizə göndəriləcək və ümid edirəm ki, bir, iki ildən sonra “Qarabağ” yatağından ilk neft hasil olunacaq. Bu yatağın özəlliyi odur ki, orada neft ehtiyatları daha çoxdur və bizim hasilatımızın sabit saxlanması üçün bunun böyük əhəmiyyəti var. Digər çox perspektivli layihə “Dayazsulu Abşeron” adlanır və bu layihənin də perspektivi çox böyükdür. Bir neçə aydan sonra o yataqlarda ilk qazma işləri aparılacaq. Ümid edirəm ki, biz orada da böyük neft ehtiyatı aşkar edəcəyik. SOCAR-ın təkbaşına iştirak etdiyi “Ümid”-“Babək” layihələrində də işlər plan üzrə gedir. Onlar da çox perspektivli layihələrdir və bizim planımızda bu layihələrin investisiya tutumunu, hasilatını artırmaqdır. Çünki yenə də deyirəm, həm daxili tələbat üçün bizə daim enerji resursları lazımdır və ixrac potensialımız da təmin ediləcək”.
Prezident İlham Əliyevin sözlərinə görə, digər layihələr də var, hansılar ki, böyük ümidlər verir:
“Amma bütövlükdə deyə bilərəm ki, baxmayaraq “Əsrin kontraktı” 1994-cü ildə imzalanıb və o vaxtdan bu günə qədər bir çox kontraktlar imzalanıb və artıq 26 il keçib, Azərbaycanın neft potensialına dünyada maraq azalmır, əksinə artır”.