AKİA: Aqrar subsidiyalardan investisiyayönümlü dəstəyə keçid hədəflənir

ASK
  • 19 noyabr, 2026
  • 12:11
AKİA: Aqrar subsidiyalardan investisiyayönümlü dəstəyə keçid hədəflənir

Azərbaycanda aqrar subsidiyalardan investisiyayönümlü dəstəyə keçid hədəflənir.

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) İdarə Heyətinin sədri Yalçın Camalov Bakıda keçirilən "Dövlət-biznes əməkdaşlığı forumu"nda - "İşəgötürənlərin gözləntiləri, dövlət dəstəyi və əməkdaşlıq imkanları" adlı panel müzakirəsində bildirib.

"Aqrar istehsalçıların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, investisiya aktivliyinin artırılması və aqrar sahədə sahibkarlığın inkişafı istiqamətində dövlət dəstəyi mexanizmlərini həyata keçiririk. Agentliyin kredit, güzəştli kredit, mikrokredit və lizinq alətləri, eləcə də müxtəlif təyinatlı subsidiyaları fermerlərin və aqrar sahədə fəaliyyət göstərən sahibkarların istehsal imkanlarını genişləndirir. Eyni zamanda, bu mexanizmlər müasir texnologiyaların və innovasiyaların tətbiqinə, yeni təsərrüfatların yaradılmasına şərait yaradır. Agentlik bu baxımdan dövlətlə sahibkar arasında əlaqələndirici və körpü rolunu oynayır. Subsidiyaların verilməsində üç prinsipi əsas götürürük. Bunlar məhsuldarlıq, ünvanlılıq və nəticəyönümlülükdür. Bildiyiniz kimi, subsidiyaların məbləği önəmlidir. Lakin bundan da vacib olan onların özəl sərmayələrin səfərbər olunmasındakı rolu, effektivliyi və real iqtisadiyyatda yaratdığı əlavə dəyərdir. Subsidiyaları aqrar sahənin hərəkətverici qüvvələrindən biri kimi qiymətləndiririk. Bununla belə, əsas məqsədimiz uzunmüddətli perspektivdə subsidiyalaşdırmadan tədricən investisiyayönümlü dəstək modelinə keçməkdir", - deyə o qeyd edib.

Bundan başqa, Y.Camalov deyib ki, kənd təsərrüfatı istehsalçılarının investisiya qərarları subsidiyadan asılı olmamalıdır: "Əsas məsələ cari istehsal xərclərinin subsidiyalar vasitəsilə kompensasiya edilməsi ilə uzunmüddətli inkişafı təmin edən investisiyalar arasında balansın qurulmasıdır. İnvestisiya qərarının əsasında subsidiya dayanmamalıdır. Əksinə, sahibkarlar investisiya qərarları verərkən biznesin iqtisadi məntiqinə əsaslanmalıdırlar. Dövlət dəstəyi investisiyanın məqsədi deyil, onun həyata keçirilməsi üçün bir vasitə olmalıdır. Bir çox hallarda, xüsusilə bağçılıq subsidiyalarına müraciət edən sahibkarlarda müşahidə edirik ki, onlar hansı istiqamətə daha çox subsidiya ayrılırsa, həmin sahəyə investisiya qoymağa üstünlük verirlər. Lakin bu zaman bazar şərtləri, qiymət tendensiyaları və bazarın dinamikası nəzərə alınmır. Məqsədimiz dövlət dəstəyi və subsidiyalardan davamlı asılı olmayan, dayanıqlı və rəqabətqabiliyyətli aqrar sahibkarlığın formalaşdırılmasıdır".

O, əlavə edib ki, aqrar sektorda daha məhsuldar və yüksək gəlirli məşğulluq vacibdir: "Yeni təsərrüfatların qurulması və mövcud təsərrüfatların genişləndirilməsi, əlbəttə ki, birbaşa və dolayı məşğulluğun artmasına səbəb olur. Logistika, texniki xidmət, saxlama, qablaşdırma və emal sənayesinin inkişafı, bununla yanaşı, bankların, bank olmayan kredit təşkilatlarının, kredit ittifaqlarının, lizinq təşkilatlarının, qiymətləndirici şirkətlərin, eləcə də əməkdaşlıq etdiyimiz təchizatçıların və yerli istehsalçıların istehsal imkanlarının genişlənməsi yeni iş yerlərinin yaranmasına gətirib çıxarır.

Amma yalnız iş yerlərinin sayının artması deyil, daha məhsuldar və yüksək gəlirli məşğulluğun formalaşması da vacibdir".

44 filmi