“44 gün davam edən Vətən müharibəsində möhtəşəm Qələbə qazanaraq ərazi bütövlüyünü təmin edən Azərbaycan yeni tarix yazdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək işğala son qoydu. Prezident İlham Əliyevin sədrliyi ilə videoformatda keçirilən 2020-ci ilin yekunlarına həsr olunan müşavirədə ölkə Prezidenti Zəfərimizi şərtləndirən amillərə diqqət yönəltməklə yanaşı, Qələbəmizi həzm edə bilməyən “sapı özümüzdən olan baltalara” tarixi unutmamağa dair sərt mesajlarını çatdırdı”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Cavid Osmanov deyib.
Onun sözlərinə görə, müharibədə böyük şücaət nəticəsində qazanılan zəfər xalqımızın qürur və iftixar mənbəyi kimi hər birimiz üçün əziz və qiymətlidir:
“Lakin müharibə başa çatar-çatmaz Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və onların ətrafında olan üzdəniraqlar, erməni qanından olanlar qələbəmizi təftiş etməyə, onun üzərinə kölgə salmağa başladılar. Ancaq onlar unutmasınlar ki, AXC-Müsavat cütlüyünün bir illik hakimiyyətləri dövründə ölkəni hansı duruma saldıqları, torpaqlarımızın işğalına geniş imkanlar yaratdıqları tariximizin qara səhifəsi kimi yaddaşlardadır. Hər kəs bilir ki, Azərbaycan Xalq Cəbhəsi və bu gün onun antimilli şurada cəmləşən qalıqları faktiki olaraq Birinci Qarabağ müharibəsi dövründə də fərarilik ediblər. Birinci Qarabağ müharibəsi gedən zaman prezident öz vəzifəsini tərk edərək, gedib dağ kəndində oturmuşdu. Müharibə zamanı Ali Baş Komandanın qaçması, Naxçıvana gedərək dağ kəndində oturması bəs fərarilik deyil?
İndi isə gələk 44 günlük müharibəyə, müharibə zamanı antimilli şuraya rəhbərlik edənlər harada idilər? Bunun bir cavabı var. Qaçıb gizlənmişdilər. Həmin “şurada” olan üzdənirağın biri Amerikada oturub, oradan mühazirələr oxuyur və düşmənin dəyirmanına su tökür. Bir neçə üzdəniraqlar, vətən xainləri isə burada oturaraq ictimai fikri çaşdırmaq, yalan, əsassız, heç bir həqiqətə uyğun olmayan şeyləri danışırlar. Sual çıxır ki, onları belə danışmağa nə vadar edir, onları kim maliyyələşdirir, istiqamət verir? Ermənipərəst qüvvələr, müharibə dövründə Azərbaycana qarşı çirkin əməllərdə iştirak edənlər, Azərbaycan xalqının qələbəsinii əlindən almaq istəyənlər, ermənilərə dəstək verənlər antimilli şuranın havadarlarıdır. Onlar fəraridirlər, satqındırlar, xaindirlər. Bu gün bütün dünya, eyni zamanda Ermənistan prezidenti Armen Sərkisyan da Azərbaycanın qələbəsini etiraf edir. Yalnız Ermənistandakı revanşistlər, Fransa kimi bəzi dövlətlər və onların sırasında yer alan antimilli şura canfəşanlığını davam etdirməkdədir. Bu, bir daha onların erməni diasporunun, lobbisinin maliyyə qaynaqlarından istifadə etməsi ilə birbaşa bağlıdır. Hesab edirəm ki, dövlət, Vətən, xalq anlayışlarını dərk etməyən, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutan daxili bədxahlarımız üçün Zəfərin sevinci deyil, kədər hissi yaratması başadüşüləndir. Onlar dayılarının tapşırıqlarını yerinə yetirirlər”.
Deputat bildirib ki, Azərbaycan xalqı hər dəfə antimilli ruhluları tarixin zibilliyinə yollayıb:
“1992-ci ildə xalqın iradəsinin əksinə silah gücünə hakimiyyəti qəsb edən antimilli AXC-Müsavat tandemini insanlarımız cəmi 13 ay sonra qovdu. Xalq Dağlıq Qarabağın işğalına yol açmış, ölkədə vətəndaş müharibəsi, aclıq, səfalət başlatmış bir antimilli hakimiyyətə dözmək fikrində deyildi və lazım olanı etdi. Bu gün də eyni xəyanət yolunu tutmuş “Milli Şura”dakı Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimilərin satqınlıqlarına xalq həmişə layiqli cavab verib. Heç kim onların fırıldaqlığına, yalanına və böhtanlarına inanmır. Hesab edirəm ki, Azərbaycan xalqı onların növbəti xəyanətini də bağışlamayacaq”.