Cəlilabadda Vətən müharibəsi şəhidi Elmir Məmmədov ev muzeyinin açılışı olub.
"Report"un Muğan bürosunun məlumatına görə, tədbirdə rayon rəsmiləri, şəhidin yaxınları ictimaiyyət nümayəndələri, məktəblilər iştirak edib. Tədbirdə çıxış edənlər şəhidin keçdiyi qəhrəmanlıqlardan söhbət açıblar.
Qeyd edək ki, şəhid Elmir Nadir oğlu Məmmədov 1988-ci il oktyabrın 5-də Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub.
O, 2016-cı ildə Aprel döyüşlərində, 2020-ci ildə isə Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
O, Füzuli döyüşləri zamanı şəhid olub və Cəlilabad rayonunda dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölümündən sonra "Vətən uğrunda" və Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.