Bütün seçki prosesi çox şəffaf və demokratik şəkildə həyata keçirilib.
"Report" xəbər verir ki, bunu Braziliya parlamentinin nümayəndəsi Nelson Trad Filxo deyib.
Onun sözlərinə görə, 7 seçki məntəqəsinə səfər ediblər:
"Braziliyalı senator və həmçinin həkiməm. Buraya seçkiləri müşahidə etməyə gəlmişik. Biz müşahidə zamanı seçicilərin çoxunun qadın olduğunu gördük və düşünürəm ki, bu, çox müsbət haldır".
Nelson Trad Filxo bildirib ki, Azərbaycan inkişaf etməkdə olan bir ölkədir və bu, seçkilərin yüksək səviyyədə keçirilməsinə təsir göstərib: "Biz sizin ölkədə çox pozitiv bir hal gördük. Öz növbəmdə Braziliyanın Azərbaycandakı səfirinə də təşəkkür edirəm, ölkəyə qayıdanda onun yüksək fəaliyyətindən mütləq danışacağam. Həmçinin mən Azərbaycan-Braziliya dostluq qrupunun üzvüyəm, azərbaycanlı deputatları Braziliyaya dəvət edirəm".
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Seçki bülletenlərinin sayı 4 659 967, səs vermiş seçicilərin sayı isə 4 660 025-dir.
Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.