Birinci vitse-prezident: “Milli Məclisdə 12 illik fəaliyyətimi böyük bir ömür məktəbi kimi qiymətləndirirəm”

Birinci vitse-prezident: “Milli Məclisdə 12 illik fəaliyyətimi böyük bir ömür məktəbi kimi qiymətləndirirəm” “Sadə insanlardan aldığım hər bir məktub, hər bir təbrik mənim üçün çox dəyərlidir”
Daxili siyasət
7 Mart , 2017 12:47
Birinci vitse-prezident: “Milli Məclisdə 12 illik fəaliyyətimi böyük bir ömür məktəbi kimi qiymətləndirirəm”

Bakı. 7 mart. REPORT.AZ/ “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamına əsasən yeni vəzifəyə təyin edilməyim ilə əlaqədar olaraq Azərbaycan Milli Məclisində fəaliyyətimi dayandırmalı oluram. Mən 10 ildən artıq parlament üzvü olmuşam. Bu illər ərzində Azərbaycan Milli Məclisinin deputatı adını daşımaq mənim üçün şərəfli idi”.

“Report”un xəbərinə görə, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

O bildirib ki, müstəqillik illərində Azərbaycanın nüfuzlu dövlət kimi formalaşdırılmasında Milli Məclisin deputat korpusunun böyük rolu olub: “Əziz həmkarlar, millət vəkili kimi çalışdığım müddət ərzində burada daim yaxşı ab-havanın şahidi olmuşam. Belə mühitin yaradılmasında Milli Məclisin sədri Oqtay Əsədovun böyük əməyi var. O, 10 ildən artıqdır ki, Milli Məclisin sədri vəzifəsini layiqincə icra edir. Hörmətli Oqtay müəllim, sizə gələcək fəaliyyətlərində uğurlar arzu edirəm”.

Millət vəkili kimi fəaliyyət göstərdiyi Xəzər rayonunda 2005-ci ildən bu günə qədər aparılan işlər haqqında məlumat verən Birinci vitse-prezident deyib ki, ötən müddətdə rayonda 42 məktəb, 44 uşaq bağçası, 16 uşaq evi və internat məktəbi, o cümlədən 3 uşaq evi üçün yay düşərgəsi inşa edilib və əsaslı təmir edilib: “17 sənaye müəssisəsi, 10 idman obyekti, o cümlədən 6 stadion, mədəniyyət evləri, kitabxanalar, muzeylər daxil olmaqla 28 mədəniyyət obyekti, 7 məscid və ziyarətgah istifadəyə verilib. Bundan əlavə, rayonun Şüvəlan, Binə, Türkan və Zirə qəsəbələrində əhalinin qaz və elektrik enerjisi ilə təminatı yaxşılaşdırılıb. Şüvəlan, Binə və Qala qəsəbələrində su xətləri çəkilib, rayon ərazisində ümumi uzunluğu 190 km olan yollar salınıb. Bu illər ərzində irimiqyaslı, uzunmüddətli layihələrlə yanaşı, gündəlik həyatda insanları narahat edən problemlərin araşdırılması daim ön planda olub. Mənə müraciət edən insanlara dəstək olmağa çalışmışam. Fəaliyyətimin bütün mərhələlərində rayon sakinlərinin dəstəyini hiss etmişəm. Bizim ünsiyyətimiz formal deyil, hər zaman səmimi olub. Mən tam əminliklə deyə bilərəm ki, əldə olunan bütün nailiyyətlər birgə fəaliyyət nəticəsində həyata keçirilib. Bu illər ərzində məni dəstəkləyən hər kəsə öz minnətdarlığımı bildirirəm. Gələcəkdə də Xəzər rayonunun inkişafı üçün çalışacağam. Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunduğum müddət ərzində bir sıra təkliflər irəli sürmüşəm. Humanizm və ədalət ideyalarına əsaslanaraq 2007, 2009, 2013, 2016-cı illərdə irəli sürdüyüm amnistiya aktları layihələrinin qəbul edilməsi təşəbbüsüm həmkarlarım tərəfindən daim dəstəklənib. Nəticə etibarilə bu qərarlar əsasında ümumilikdə 39 min 887 məhkum cəzadan azad edilib. Mən amnistiya təşəbbüslərini dəstəkləyən 10 minlərlə insana azadlıq bəxş edən deputatların hər birinə dərin minnətdarlığımı çatdırıram. Ümidvaram ki, belə təşəbbüslər deputatlarımız tərəfindən bundan sonra da irəli sürüləcək və bu xoş ənənə davam edəcək”.

Mehriban Əliyeva əlavə edib: “Azərbaycanda sağlam ailənin formalaşması və bu istiqamətdə risklərin azaldılması məqsədilə mən 2014-cü ildə nikaha daxil olmaq istəyən şəxslərin məcburi tibbi müayinədən keçməsi təşəbbüsü ilə çıxış etdim. Həmkarlarımla ətraflı müzakirədən sonra Ailə Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi haqqında qanun qəbul edildi. Mənim təşəbbüsümlə dünyada Azərbaycanı çoxmillətli, tolerant, çoxkonfessiyalı ölkə kimi tanıtmaq üçün bir çox tədbirlər keçirilib”.

O bildirib ki, bütün çıxışlarında Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayonun işğal edilməsini, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün şəraitində yaşaması haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırıb: “Heydər Əliyev Fondu tərəfindən Xocalı faciəsi haqqında hazırlanan nəşrlər bütün dünyada yayılıb. Mən Milli Məclisdə 12 illik fəaliyyətimi böyük bir ömür məktəbi kimi qiymətləndirirəm. Bir millət vəkili kimi əldə etdiyim təcrübə əvəzsizdir. Vəzifəmdən, fəaliyyətimin istiqamətindən asılı olmayaraq, mən həyatda sadə prinsiplərə arxalanmışam. Vicdan, ləyaqət, mərhəmət və xoş niyyət, ədalət, qarşılıqlı hörmət Tanrının insana verdiyi ən ali, ən gözəl xüsusiyyətlərdir. Bu yüksək tribunadan mənə inanan hər bir insanı əmin etmək istərdim ki, gələcək fəaliyyətimdə də mənəvi dəyərləri üstün tutacağam. Azərbaycanın müstəqilliyinin qorunmasına, ölkəmizin hərtərəfli inkişafı üçün bütün gücümlə çalışacağam. Son günlər mənim ünvanıma soydaşlarımızdan təbriklər gəlir. Sadə insanlardan aldığım hər bir məktub, hər bir təbrik mənim üçün çox dəyərlidir. Səmimi ürək sözləri və dəstəklərə görə hər birinə öz dərin minnətdarlığımı bildirirəm. Bu gün parlamentdə təmsil olunan qadın həmkarlarımı və bütün Azərbaycan qadınlarını qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirəm. Mən sizin hər birinizə möhkəm can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram. Birlikdə keçirdiyimiz fəaliyyətə görə sizə dərin minnətdarlığımı bildirirəm. Və ümidvaram ki, gələcəkdə də bizim əməkdaşlığımız davam edəcək. Tanrı Azərbaycanı hər zaman qorusun!”.

Sonra deputatlar Mehriban Əliyevanın fəaliyyəti ilə bağlı danışıblar.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının (MSK) martın 6-da keçirilən iclasında Mehriban Əliyevanın deputat mandatından məhrum edilməsi üçün müraciətinə baxılıb və M.Əliyevanın deputat mandatına xitam verilib.

Xatırladaq ki, Mehriban Əliyeva 2015-ci il V çağırış Milli Məclisə seçkilərdə 14 saylı Xəzər seçki dairəsindən deputat seçilib. Bu il fevralın 21-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə isə M.Əliyeva Birinci vitse-prezident vəzifəsinə təyin edilib.

Son xəbərlər

Orphus sistemi