Bakıda Prezidentin iştirakı ilə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar ümumxalq yürüşü keçirilib - YENİLƏNİB-3

Bakıda Prezidentin iştirakı ilə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar ümumxalq yürüşü keçirilib - YENİLƏNİB-3 Fotolar əlavə olunub
Daxili siyasət
26 Fevral , 2019 14:52
Bakıda Prezidentin iştirakı ilə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar ümumxalq yürüşü keçirilib - YENİLƏNİB-3

Fotolar əlavə olunub


*** 12:53

Bakı. 26 fevral. REPORT.AZ/ Ümumxalq yürüşündə Rusiyadan gələn nümayəndə heyəti də iştirak edib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev Rusiyadan gələn nümayəndə heyəti ilə görüşüb və söhbət edib.

Heyətə Dövlət Dumasının beynəlxalq əlaqələr üzrə komitəsinin sədr müavini, dünya şöhrətli idmançı İrina Radnina, Dövlət Dumasının təhlükəsizlik və korrupsiya əleyhinə komitəsi sədrinin birinci müavini Dmitri Savelyev, Dövlət Duması Federal Məslisinin ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədr müavini Oksana Puşkina, Dövlət Dumasının dövlət əhəmiyyətli tikinti və qanunvericilik üzrə komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov, Dövlət Dumasının deputatları Tatyana Sibizova, Denis Parfenov və Aleksey Juravlev, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Azərbaycanın dostları qrupunun əlaqələndirisici, tanınmış politoloq Sergey Markov və həmin institutun MDB ölkələri departamentinin rəhbəri Aleksey Bıçkov, hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Karotçenko, rusiyalı rejissor, yazıçı Aleksandr Rusnak, Rusiya Hökuməti yanında Maliyyə Universitetinin sosiologiya və politologiya fakültəsinin dekanı Aleksandr Şatilov daxildir.

Sonra Prezident İlham Əliyev Rusiyanın “Rossiya-24” kanalına müsahibə verib.


*** 10:29

Yürüş "Ana harayı" abidəsinin önündə başa çatıb.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.

Birinci vitse-prezident xanım Mehriban Əliyeva, Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva abidənin önünə tər güllər qoyublar.

Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri də abidənin önünə güllər düzüblər.


*** 09:56

Azərbaycan paytaxtında Xocalı soyqırımının 27-ci ildönümü münasibəti ilə ümumxalq yürüşü keçirilir.

"Report" xəbər verir ki, yürüş iştirakçıları Bakı Dəniz Vağzalının qarşısından başlayaraq "Ana harayı" abidəsinə doğru hərəkət edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri, hökumət və dövlət rəsmiləri, millət vəkilləri, ziyalılar yürüşdə iştirak edirlər.

Ön sırada Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın olduqları ümumxalq yürüşünün iştirakçıları və onların keçdikləri prospekt və küçələr boyu düzülmüş minlərlə gənc əllərində qanlı qırğının günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretlərini, 27 il əvvəl törədilmiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adlarının, soyadlarının əks olunduğu Azərbaycan, rus, ingilis dillərində plakatlar və transparantlar tutublar. Marşrut boyunca yolların kənarlarındakı monitorlarda, binaların fasadlarında və eyvanlarında “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı – XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!”, “Xocalı soyqırımı – 27 il”, "Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir", "Xocalı, sözün bitdiyi yer" və s. çağırışlar və şüarlar nümayiş etdirilir.

Yürüşdə ümumilikdə on minlərlə insan iştirak edir.

Son xəbərlər

Orphus sistemi