Bakının Xətai rayonunda Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Ceyhun Həsənovun anım mərasimi keçirilib.
"Report"un əməkdaşı xəbər verir ki, tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak ediblər.
Tədbir Azərbaycanın dövlət himni ilə başlayıb və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.
Çıxışçılar C.Həsənovun qəhramanlığından, döyüş yolundan və 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı qələbəsindən bəhs ediblər.
Qeyd edək ki, Ceyhun Aydın oğlu Həsənov 1985-ci ildə oktyabrın 29-da Tovuz rayonunun Çeşməli kəndində dünyaya göz açıb. O, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.
7 BMP, 4 tank, bir neçə başqa texnika ilə döyüşlərə qatılıb. C.Həsənov Vətən müharibəsinin ilk günündə - 27 sentyabr 2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olub.
Prezident İlham Əliyevin Sərəncamlarına əsasən, Ceyhun Həsənov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” (09.12.2020) adı, “Vətən uğrunda” (15.12.2020), “Füzulinin azad olunmasına görə” (25.12.2020) və “Qubadlının azad olunmasına görə” (29.12.2020) medalları ilə təltif olunub.
Qeyd edək ki, Ceyhun Həsənov Vətən müharibəsində Xətai rayonunun ilk şəhididir.