Yuxarı
    Bağlamaq

    Bakıda “Qarabağ gənclərin təqdimatında” adlı tədbir keçirilib

    Bayram Səfərov: “Azərbaycan gənci torpaqların işğaldan azad olunmasına qadirdir”

    Bakı. 24 may. REPORT.AZ/ Bakıda Gənclər və İdman Nazirliyinin və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin təşkilatçılığı ilə “Qarabağ gənclərin təqdimatında” adlı tədbir keçirilib.

    “Report”un xəbərinə görə, tədbirdə Milli Məclisin deputatları, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri iştirak ediblər. 28 May – Respublika Günü ilə əlaqədar keçirilən tədbirin məqsədi Qarabağ mədəniyyətinin, incəsənəti, ədəbiyyatı, mətbəxi və digər dəyərlərinin gənclər tərəfindən təqdim edilərək təbliğ edilməsidir.

    Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək deyib ki, Azərbaycanda həyata keçirilən gənclər siyasətində vətənpərvərlik məsələsinə xüsusi diqqət yetirilir. O bildirib ki, gənclər ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edirlər: “Belə tədbirlər gənclər üçün çox vacibdir. Ermənilər saxtakarlıq edərək tarixi istədikləri kimi dünyaya çatdırırlar. Bunun qarşısını almaq üçün biz də fəal olmalıyıq. Bu işdə gənclərin rolu artırılmalıdır”.

    İ.Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində ölkədə bütün sahələr inkişaf edib: “Hazırda Azərbaycanın əsas problemlərindən biri Dağlıq Qarabağdır. Əminəm ki, Qarabağ işğaldan azad olunacaq, bayrağımız orada dalğalanacaq”.

    "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxışında bildirib ki, Azərbaycan dövləti gənclərə xüsusi diqqət yetirir. O qeyd edib ki, gənclər istər elm, istər idman, istərsə də digər sahələrdə önə çəkilir: “Gənclərin təhsil almasına da şərait yaradılır. 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət” kampaniyası aparılır. Təbliğat işində bu, çox önəmlidir. Burada gənclərin rolunu xüsusi qeyd etmək lazımdır”.

    B.Səfərov vurğulayıb ki, Azərbaycan gənci torpaqların işğaldan azad olunmasına qadirdir: “Xalq orduya arxalanır. Bu il aprelin əvvəlində gedən döyüşlərdə bir daha Azərbaycan Ordusunun gücü sübut olundu, ermənilərə layiqli cavab verildi. Prezident İlham Əliyev orduya xüsusi diqqət ayırır. Azərbaycan torpaqlarının qorunmasında xeyli şəhid vermişik. Onların ailələrinə diqqət göstərilir. Amma şəhidlərin ruhu o zaman şad olacaq ki, işğal olunmuş torpaqlar azad olunacaq”.

    Sonra gənclər Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinə Qarabağ mədəniyyətini təqdim ediblər.

    Mərasimdə Qarabağın görkəmli şəxsləri, simvol və tarixi abidələri, sənətkarlıq nümunələrindən ibarət sərgi və gənc musiqiçilərin, rəqqasların, aktyorların ifasında mədəni proqram təşkil edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi