Bakıda daun sindromlu uşaqlar üçün 7 günlük yaz düşərgəsi təşkil olunur

Daxili siyasət
  • 13 mart, 2023
  • 10:50
Bakıda daun sindromlu uşaqlar üçün 7 günlük yaz düşərgəsi təşkil olunur

Sağlamlıq imkanları məhdud olan uşaqların reabilitasiyası, sosial xidmətlərlə təmin olunması, cəmiyyətə inteqrasiyası və onların valideynlərinə psixo-sosial dəstəyin göstərilməsi məqsədilə daun sindromlu uşaqlar üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 7 günlük yaz düşərgəsi təşkil olunur.

“Report” xəbər verir ki, yaz düşərgəsi martın 16-dək davam edəcək.

Belə ki, Şüvəlan qəsəbəsində yerləşən istirahət və sağlamlıq mərkəzində 15 uşaq və 15 valideynin iştirak etdiyi düşərgədə hər gün psixoloqlar, sosial işçilər, inteqroloqlar tərəfindən təlimlər, eyni zamanda iştirakçıların asudə vaxtının təşkili məqsədilə əyləncə proqramı və maraqlı ekskursiyalar nəzərdə tutulub.

Düşərgənin birinci günü (10 mart) uşaqların mütəxəssislərlə ümumi tanışlığı məqsədilə iclas təşkil olunub və düşərgə qaydaları haqqında məlumat verilib. Eyni zamanda mütəxəssislər tərəfindən uşaqların fiziki və psixoloji inkişaf vəziyyəti qiymətləndirilib və ilkin psixo-sosial dəstək göstərilməsi məqsədilə valideynlər üçün təlim keçirilib. Daha sonra uşaqlar üçün fərdi inkişaf proqramı tərtib edilib. Günün sonunda uşaqlar inkişafetdirici cizgi filmi izləyib, ardıcıl olaraq mini-disko təşkil edilib.

Düşərgənin ikinci günü (11 mart) mütəxəssislər tərəfindən uşaqlar üçün inkişafetdirici stolüstü oyunlar, eləcə də art-terapiya təşkil edilib. Eyni zamanda terapiya zamanı valideyn-övlad münasibətləri analiz olunub. Təşkil olunmuş ekskursiya zamanı uşaqlar üçün pizza hazırlanması üzrə masterklass, feys-art və animatorun iştirakı ilə əyləncə proqramı təşkil olunub, xatirə şəkilləri çəkilib.

Düşərgəyə qayıtdıqdan sonra mütəxəssislər tərəfindən uşaqlar üçün musiqi terapiyası təşkil olunub. Günün sonunda uşaqlar akt zalında səhnə və rəqs təlimlərində iştirak edib.

Düşərgənin üçüncü günü (12 mart) uşaqların fiziki tərbiyəsi məqsədilə düşərgədəki açıq stadionda müxtəlif idman oyunları təşkil olunub. Eyni zamanda uşaqlarla inkişafetdirici iş aparılması məqsədilə valideynlər övladları ilə birlikdə komanda şəklində müxtəlif interaktiv oyunlarda iştirak ediblər. Təlimçi mütəxəssislər tərəfindən valideyn-övlad münasibətlərinin inkişafı məqsədilə təlim təşkil olunub.

Daha sonra Azərbaycanın əməkdar idman ustası, Parataekvando üzrə Azərbaycan Milli Yığmasının üzvü, Prezident Mükafatçısı, Əlilliyi Olan Uşaq və Gənclərin İdmana İnteqrasiyası İctimai Birliyinin sədri Aynur Məmmədova düşərgə iştirakçıları ilə görüşüb, uşaqlarla ünsiyyətdə olub, valideynlərə dəstək məqsədilə tövsiyələr verib.

Günün sonunda uşaqların fərdi istedadının aşkarlanması məqsədilə talent-şou təşkil olunub.

Düşərgənin dördüncü günündə mütəxəssislər tərəfindən uşaqlar üçün müxtəlif inkişafetdirici oyunlar və psixo-sosial dəstək məqsədilə valideynlər üçün təlimlərin təşkil olunması, animatorun iştirakı ilə uşaqlar üçün əyləncə proqramının keçirilməsi nəzərdə tutulur.

Günün sonunda düşərgənin kitabxanasında təşkil olunacaq nağıl saatında valideynlər övladları üçün inkişafetdirici kitablardan hekayələr oxuyacaqlar.

Eyni zamanda valideyn və uşaqlarla görüşmək məqsədilə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva da düşərgədə iştirak edib, tövsiyə və ürək sözlərini bildirib.

Düşərgədə təşkil edilmiş təlimlər, inkişafetdirici oyunlar, ekskursiyalar, əyləncə proqramları martın 16-dək qədər davam etdiriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti