Bakı Şəhər İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib.
"Report"un xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qonaqları salamlayaraq bildirib ki, ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ildırım sürətli 44 günlük Vətən müharibəsində özünü dahi ictimai-siyasi xadimdən əlavə həm də bacarıqlı sərkərdə kimi göstərib:
"Onun rəhbərliyi ilə düşmən üzərində şanlı qələbə qazanılıb və torpaqlarımız işğaldan azad edilib. Ölkə başçısının həyata keçirdiyi düzgün və məqsədyönlü siyasət nəticəsində Azərbaycanda bütün sahələrdə inkişafa nail olunub, qudrətli iqtisadiyyat və bu baza üzərində güclü Ordu, həmçinin torpaqlarımızın azad edilməsinin hüquqi bazası yaradılıb. Bunun da nəticəsində böyük qələbə qazanılıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən torpaqlarımızda genişmiqyaslı quruculuq işləri aparılır. Qazanılan şanlı qələbə və aparılan genişmiqyaslı quruculuq işləri ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik siyasət sayəsində əldə olunub və bu da tarixdə şəxsiyyətlərin rolunu bu bir daha təsdiq edir".
O bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan şanlı qələbəbə Ordumuzun və döyüşlərdə iştirak edən əsgər və zabitlərimizin qəhrəmanlığı xüsusi qeyd edilməlidir: "Biz döyüşlərdə şəhid olmuş soydaşlarımızın ruhu qarşısında baş əyir, onlara ulu tanrıdan rəhmət diləyirik. Eyni zamanda qanlı döyüşlərdə yaralanıb qazi olmuş vətəndaşlarımız da vardır. Bu gün onların müalicəsi, cəmiyyətə inteqrasiyası, lazımı tələbatlarının ödənilməsi bütün qurumların əsas vəzifələrindən biridir".
Açıq dialoq şəklində keçirilən görüşdə müharibə iştirakçıları və qazilər dinlənilib, onların sual və təklifləri nəzarətə alınıb. Görüşdə Vətən müharibəsi iştirakçıları və qazilərin müharibə ilə bağlı memuarlarının toplanıb kitab şəklində çap edilməsi və digər məsələlərin həlli ilə bağlı Şura yardılması qərara alınıb.
Vətən müharibəsindəki döyüşlərdə iştirakından danışan qazi Fərid Həsənov Vətən müharibəsi günlərində dövləti və ordunu məharətlə idarə edən, torpaqlarımızın azad edilməsində əvəzsiz xidməti olan, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə ən yüksək hərbi rütbə olan “Generalissimus” ali hərbi rütbəsinin verilməsini təklif edib.
Digər çıxışçılar ölkə başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın onlara göstərdikləri xüsusi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.