Azərbaycandakı siyasi partiyalar 2022-ci il üçün planlarını açıqlayıblar - SORĞU

Azərbaycandakı siyasi partiyalar 2022-ci il üçün planlarını açıqlayıblar - SORĞU Azərbaycanda hazırda dövlət qeydiyyatına alınan 58 siyasi partiya var. Onların bəziləri istisna olmaqla isə bir neçəsinin fəaliyyəti gözə dəymir. Maraqlıdır, Azərbaycanda dövlət qeydiyyatına alınan partiyaların bu il üçün fəaliyyəti və hədəfləri nələr ola
Daxili siyasət
11 Yanvar , 2022 16:58
Azərbaycandakı siyasi partiyalar 2022-ci il üçün planlarını açıqlayıblar - SORĞU

Azərbaycanda hazırda dövlət qeydiyyatına alınan 58 siyasi partiya var. Onların bir neçəsi istisna olmaqla, əksəriyyətinin fəaliyyəti gözə dəymir. Maraqlıdır, partiyaların 2022-ci il üçün planları və hədəfləri nədir?

“Report” mövzu ilə bağlı bir neçə siyasi partiyanın mövqeyini öyrənib.

Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli deyib ki, bu il əsas diqqəti parlament tribunası vasitəsilə təşkilatın siyasətini həyata keçirməyə yönəldəcəklər, eyni zamanda təşkilati işlərlə məşğul olacaqlar: "Bu il ən azı 4 dəfə Baş Məclisin iclasının keçirilməsini planlaşdırmışıq. Hələlik isə Siyasi Şuranın toplantısını keçiririk. İlin əvvəlindən də Salyan rayon təşkilatımızın fəaliyyətini bərpa etmişik. Bundan əlavə, bu il ərzində partiyamız tərəfindən dövlətin həyatında baş verən hadisələrə, beynəlxalq proseslərə reaksiyalarımız olacaq. Güman edirəm ki, bir sıra partiyalar kimi biz də əsas diqqəti ictimai-siyasi vəziyyətin təhlilinə yönəldəcəyik".

Tahir Kərimli
Tahir Kərimli

Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, hər bir partiyanın əsas hədəfi və planı hakimiyyətə gəlmək olmalıdır: "Bizim də hədəfimiz iqtidar olmaqdır. Hər ilin də özünəməxsus xarakterləri olur. Məsələn, parlament, prezident, bələdiyyə seçkiləri və referendum, siyasi passivliyin ola biləcəyi illər var. Bunlara uyğun olaraq da strateji planlar hazırlanır və həyata keçirilir. Son dönəmlər siyasi həyatda sürət o qədər artıb ki, artıq hər hansı partiya bir il öncədən görə biləcəyi planları hazırlaya bilmir. Çünki reallıqlar, hədəflər dəyişir. Hesab edirəm ki, zamana uyğun olaraq çevik qərarlar vermək lazımdır. Hansısa partiya öncədən hazırlanan 5 illik planlarının və ya hədəflərinin olduğunu deyirsə, bu, daha çox söz oyunudur. Partiyanın təşkilati baxımdan işlərini planlamaq olur. Bizdə də bu var. Bunlar standart məsələlərdir".

Deputat Qüdrət Həsənquliyevin rəhbərlik etdiyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı isə bu il üçün əsas hədəflərinin rayon şöbələrinin gücləndirilməsi və təşkilatlanma işlərinin həyata keçirilməsi, bununla bağlı informasiyanın daha çox yayılması olduğunu deyib: "Artıq buna start verilib. Qeyd edim ki, hazırda partiyamızın 60-dan çox rayon təşkilatı fəaliyyət göstərir. Bu il üçün isə gündəlikdə bir sıra rayon təşkilatlarının təsis olunması barədə məsələ var. Biz Azərbaycanın milli partiyasıyıq. Bundan əlavə, kifayət qədər sosial bazaya malik, strukturları formalaşmış, seçki komissiyalarında təmsil olunan partiyayıq. Biz həm də parlament partiyasıyıq".

Uzun illər Milli Məclisin sabiq deputatı Xanhüseyn Kazımlının rəhbərlik etdiyi, indi isə onun qızı Əsli Kazımovanın sədri olduğu Azərbaycan Sosial Rifah Partiyası (ASRP) bu il də fəaliyyətini yeni layihələr əsasında davam etdirəcək. Ə.Kazımova deyib ki, keçən il olduğu kimi, bu il də beynəlxalq mediada aktiv iştirak etməyi planlaşdırırlar: "Hesab edirəm ki, 44 günlük Vətən müharibəsi zamanı Prezident İlham Əliyevin beynəlxalq mediaya verdiyi açıqlamalar hər bir partiya üçün prioritet məsələyə çevrilməlidir və örnək olmalıdır. Əgər Milli Məclisdə boş qalan deputat yerlərinə təkrar seçki keçirilsə, prosesdə iştirak etməyi planlayırıq. Qarabağa müntəzəm səfərlər etməyi nəzərdə tuturuq. Məqsədimiz siyasi partiya olaraq, illərdir gözlədiyimiz “Böyük köç” zamanı əlimizdən gələn dəstəklə dövlətimizin və soydaşlarımızın yanında olmaqdır. Şəhid ailələri və qazilərin problemlərinin gündəmə gətirilməsi, onlara gərəkli yardımın göstərilməsi ilə bağlı bir sıra layihələrimiz var. Siyasi partiya olaraq, bu ildən etibarən sadəcə Azərbaycanda yaşayan soydaşlarımızın problemlərini deyil, həm də xaricdə yaşayan soydaşlarımızın problemləri ilə yaxından maraqlanmağı qarşımıza məqsəd qoymuşuq. Xaricdə yaşayan azərbaycanlıların səsi olacaq bir siyasi partiya olmağı hədəfləyirik”.

Parlamentin deputatı Razi Nurullayev sədri olduğu Milli Cəbhə Partiyasının kadr potensialına ehtiyac olduğunu bildirib. Onun sözlərinə görə, partiyanın özəyi xeyli güclüdür, amma daha da gücləndirilməsinə, təşkilata yeni savadlı, siyasi bilikli insanların cəlb edilməsinə ehtiyac var: "Bunun üçün də bu il partiyaya xeyli savadlı gənclərin və ekspertlərin, ziyalıların cəlb edilməsi üçün səfərbərlik etmişik və xeyli irəliləyişlər var. Əsas qayəmiz kəmiyyət yox, keyfiyyətdir. Açığını deyim ki, üzv cəlb etməklə bağlı ciddi planımız yoxdur. Səbəb isə budur ki, yeni üzvlərin ən azından siyasi və mənəvi ehtiyaclarını ödəmək lazım gəlir, amma bunun üçün imkanlar məhduddur. Üzvləri aksiya, mitinq, piket və digər tədbirlərlə daima fəal saxlamaq lazımdır. Bunun üçün imkanlar olmadığına görə bu yolu seçmişik. Çünki üzvü qəbul etmək asan, amma onu yanında saxlamaq çətindir. O üzv getdisə, bir də dönməz. Biz siyasətdə fərqli yol seçmişik və inanıram ki, nəticəsi də olacaq. Bu il həm də bir neçə rayon şöbəsi yaradacaq və mövcud olanları gücləndirəcəyik. Digər hədəfimiz isə bir neçə beynəlxalq siyasi təşkilatlarda təmsilçilik əldə etməkdir".

 Razi Nurullayev
Razi Nurullayev

Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) başqanının ictimaiyyətlə əlaqələr və mətbuat məsələləri üzrə müavini Gülşən Hacıyeva deyib ki, siyasi təşkilatın 2022-ci il üçün xeyli planı var və bununla bağlı “Tədbirlər planı” təsdiqlənib və artıq bu sənədin icrasına başlanılıb.

O qeyd edib ki, partiyanın builki planlarına paytaxtda və bölgələrdə təşkilatlanmanı gücləndirmək, cəmiyyəti maraqlandıran, toplumun həyatına birbaşa təsiri olan məsələlərlə bağlı təkliflər hazırlayaraq aidiyyəti üzrə təqdim etmək daxildir: "Bundan əlavə, partiyamızın tarixi olaylar, şəxsiyyətlərlə bağlı müzakirələr, panellər, konfranslar keçirmək, özünün ideoloji kursunu hakimiyyətə daşımaq üçün müxtəlif platformalarda - media, sosial şəbəkə və s. çıxışlar etmək, xaricdəki mövcud əlaqələri inkişaf etdirmək, yeni əlaqələr qurmaq, ölkə daxilidə və xaricində siyasi partiyalar, QHT, beyin mərkəzləri, mətbuat nümayəndələri, aydınlarla, təhsil ocaqları ilə görüşlər keçirmək, müzakirələr aparmaq, ölkə daxilində və xaricində müxtəlif tədbirlərə, aksiyalara qatılmaq, panellərdə, konfranslarda çıxış etmək, ölkə daxilində mümkün olduqca kütləvi tədbirlər təşkil etmək, belə tədbirlərə qatılmaq, şəhid ailələri və qazilərin məsələlərini daim diqqətdə saxlamaq, gündəmə gətirmək, həllinə nail olmağa çalışmaq, ölkədə baş verən ciddi hadisələr, xarici əlaqələrdəki mühüm proseslərə münasibət bildirmək, mövqe ortaya qoymaq kimi hədəfləri də var. Artıq bölgələrdə təşkilatlanma ilə bağlı bir sıra addımlar atılıb, partiyanın rəsmi hesablarında bununla bağlı çağırışlar edilib. Ən qısa zamanda AY Partiya bölgələrə səfərlərə başlayacaq. Ötən il partiya rəhbərliyi Türkiyə və Şimali Kipr Türk Respublikasına səfərlər edərək, yüksək səviyyədə görüşlər keçirib, əlaqələr qurub. Bu il isə öncə Gürcüstan, Ukrayna, Moldovaya partiya rəhbərlərinin səfərləri planlaşdırılır. Daha sonra partiya təmsilçilərinin Avropa İttifaqı ölkələrinə səfərləri nəzərdə tutulub".

Partiya funksioneri vurğulayıb ki, AY Partiya 2022-ci ildə Milli Məclisə təkrar seçki və ya növbədənkənar seçki keçiriləcəyi halda, mütləq bu prosesdə iştirak edəcək: "Ötən ilin sonunda Başqanlıq Heyətinin genişləndirilmiş iclasında AY Partiya daimi Seçki Qərargahının yaradılması barədə qərar qəbul edib. Artıq daimi Seçki Qərargahı formalaşdırılıb".

“Azərbaycan Mübarizləri” Partiyasının sədri Səadət Müslümova, Yeni Zaman Partiyasının sədri (YZP) Musa Ağayev məsələ ilə bağlı suala, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu və Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə zənglərə cavab verməyiblər.

Son xəbərlər

Orphus sistemi