"Biz erməni xalqının tarixi mirasına əl dəymirik. Şuşada erməni kilsəsi var, hər kəs gedib baxa bilər, orada bir daşa da dəyilməyib, əksinə, ora qorunur. Yəni, biz törətdikləri əməllərə görə onlardan (ermənilərdən – red.) qisas almaq fikrində deyilik".
"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.
“Mən onu demişdim - hələ müharibə vaxtı və müharibədən sonra biz qisası döyüş meydanında almalı idik və aldıq, şəhidlərimizin qanını da döyüş meydanında aldıq. Biz dinc əhaliyə qarşı heç vaxt atəş açmamışıq. Amma onlar müharibə zamanı bizim dinc şəhərlərimizi “İskəndər”, “Toçka-U”, “Skad” raketləri ilə atəşə tuturdular. Yüzə yaxın günahsız insan, o cümlədən 12 uşaq bu namərd atəş nəticəsində həlak olmuşdur”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Bu yaddaşın silinmədiyini, silinməyəcəyini və silinməməli olduğunu diqqətə çatdıran Prezident bildirib: “Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır. Yenə də deyirəm, qisas almaq üçün yox, unutmamalıdır ki, heç vaxt təkrarlanmasın”.