Azərbaycan könüllüləri birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət qəbul ediblər.
“Report” xəbər verir ki, müraciətdə deyilir:
“Hörmətli Mehriban xanım!
Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk anlarından biz Azərbaycan könüllüləri xalqımızın birlik, həmrəylik və qarşılıqlı yardım kimi ən yaxşı xüsusiyyətlərini nümayiş etdirərək qardaş türk xalqının yanında olmasının şahidi olduq. Yaşanan ağır faciəyə möhtərəm cənab Prezidentin və Sizin həssas münasibətiniz, yardımla bağlı verdiyiniz göstərişlər biz gəncləri hədsiz qürurlandırmaqla yanaşı, öz insansevərliyimizi nümayiş etdirməyə şərait yaratdı.
Zəlzələdən zərər çəkmiş insanlara dəstək məqsədilə başladılan yardım kampaniyasına qoşulan hər kəsə, o cümlədən bu işdə əlindən gələni əsirgəməyən çoxsaylı könüllülərə təşəkkür etməyiniz bizi olduqca təsirləndirdi. Bütün Azərbaycan xalqının səfərbər olduğu humanitar yardım aksiyasına qoşularaq Türkiyə xalqının yanında olmağı öz mənəvi borcumuz hesab edirik. Təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına Azərbaycan dövləti və xalqı tərəfindən verilən dəstəyə öz töhfəmizi vermək üçün gecə-gündüz demədən var gücümüzlə çalışırıq. Biz könüllülər bu xeyirxah əməllərin iştirakçısı olmaqdan qürur və şərəf duyuruq.
Hər zaman olduğu kimi, fəaliyyətimizə göstərdiyiniz diqqətə, verdiyiniz yüksək dəyərə görə Sizə səmimi-qəlbdən minnətdarıq. Xalqımızın əsrlər boyu yaşatdığı xeyirxahlıq, fədakarlıq və təmənnasız kömək ənənələrini davam etdirən Azərbaycan könüllüləri olaraq biz bundan sonrakı fəaliyyətimizdə də vətənpərvərlik və milli-mənəvi dəyərlərə daim sadiq qalacağımıza və daha böyük əzmlə çalışacağımıza söz veririk”.