Dünyanın müxtəlif bölgələrində baş verən silahlı münaqişələr qadın hüquqlarına ciddi təsir göstərir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı ATƏT-in İnsan Ölçüsü Konfransının “Tolerantlıq və ayrı-seçkilik” mövzusunda keçirilmiş, qadınlara qarşı zorakılıq hallarının aradan qaldırılması və gender bərabərliyi mövzularına həsr olunmuş 10-cu plenar sessiyada deyib.
A.Səfixanlı Azərbaycanda qadınlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini, institusional mexanizmlərin yaradıldığını, yeni milli fəaliyyət planlarının qəbul olunduğunu bildirib.
Dünyanın müxtəlif bölgələrində baş verən silahlı münaqişələrin qadın hüquqlarının təmininə ciddi təsir göstərdiyini bildirən Aparat rəhbəri Ermənistanın Azərbaycana qarşı işğal və etnik təmizləmə siyasəti nəticəsində qadın hüquqlarının kobud şəkildə pozulduğunu qeyd edib:
"Birinci Qarabağ müharibəsində 267-si qadın olmaqla 4 minə yaxın şəxsin itkin düşüb habelə İkinci Qarabağ müharibəsi zamanı əhalinin sıx məskunlaşdığı şəhərlərə və digər yaşayış məntəqələrinə edilmiş hücumlar nəticəsində dinc sakinlər, o cümlədən qadınlar və uşaqlar arasında ciddi itkilərin olub".
Aparat rəhbəri, həmçinin işğal dövründə Azərbaycan torpaqlarında minaların basdırıldığını, həmin minaların mülki şəxslərin, o cümlədən qadınların həyat və sağlamlığına təhlükə yaratdığını, eləcə də keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə təhlükəsiz qayıdışına, aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə ciddi maneə yaratdığını qeyd edib.