Avropalı liderlər ədalətli davranmalıdırlar, onların bizə ehtiyacı var - RƏY

Daxili siyasət
  • 05 may, 2026
  • 10:05
Avropalı liderlər ədalətli davranmalıdırlar, onların bizə ehtiyacı var - RƏY

Prezident İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı Azərbaycan həqiqətlərinin Avropa məkanına çatdırılması, Ermənistanla münasibətlərin normallaşması istiqamətində ölkənin atdığı konkret addımlar barədə Avropa liderlərinin məlumatlandırılması baxımından olduqca əhəmiyyətlidir.

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

O qeyd edib ki, İrəvanda keçirilən tədbirdə dövlət başçısının çıxışı, uzun illərin düşmənçiliyinə, ağır itkilərə rəğmən, Azərbaycan xalqının sülhsevər obrazının formalaşmasında əhəmiyyətli rol oynadı:

"Bunu şərtləndirən səbəblər kimi ötən ilki zirvə toplantısında növbəti toplantının İrəvanda keçirilməsi barədə Azərbaycan Prezidentinin razılıq verməsi, sülh müqaviləsinin imzalanmadığı şəraitdə, tranzit yük daşımalarının təşkili, neft məhsullarının Ermənistana satışını göstərmək olar. Bütün bunlar beynəlxalq ictimaiyyətdə razılıqla qarşılanır.

Digər tərəfdən, Prezidentin haqlı olaraq, sülhə mane olan bəzi Avropa təsisatlarını, konkret olaraq Avropa parlamentinin, "Avronest" parlament assambleyasının ünvanına tənqidlər səsləndirməsi, vaxtında və yerində atılmış addımlardır. Eyni zamanda həmin təşkilatların iç üzlərinin ifşa olunması, demokratiya pərdəsinə bürünərək müxtəlif diaspora və lobbi təşkilatlarının maraqlarına xidmət etmələri qəbul edilməzdir.

Nəsib Məhəməliyev

Cəmi beş il ərzində, Azərbaycana qarşı 14 qətnamənin çıxarılması, qərəzdən başqa bir şey deyil. Məsələ ondadır ki, həmin Avropalı parlamentarilərilərin bir neçəsi, müxtəlif "mükafatlar" müqabilində qanunsuz lobbi fəaliyyətləri məşğul olduqlarına görə cinayət məsuliyyətinə cəlb olunublar. Bəziləri barədə məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilib, həbsxanaya göndərilib".

Deputat vurğulayıb ki, ölkə başçısının həmin satılmış siyasətçiləri, ksenofobiyada, islamofobiyada, antisemitizmdə, irqi ayrı-seçkilikdə ittiham etməsi həqiqətdir:

"Sadalananlar, əfsus ki, bugünkü Avropanın reallıqlarıdır. Bizim Avropa İttifaqı və Avropa Komissiyası ilə sistemli əməkdaşlıq münasibətlərimiz mövcuddur. Azərbaycan Avropanın enerji təminatında əhəmiyyətli rol oynayır. Şərqlə Qərb arasında ticari əməkdaşılığın inkişafı üçün ölkəmizin nəqliyyat-logistika imkanlarından istifadə olunur. Rusiya-Ukrayna, İran-ABŞ-İsrail müharibələri fonunda Azərbaycanın Avropa üçün əhəmiyyəti birə on artır. Hesab edirəm ki, avropalı liderlər Azərbaycan siyasətində ikili standartlardan əl çəkməli, hörmətlə yanaşmalı, ədalətli davranmalıdırlar. Onların bizə ehtiyacı var".