QMİ sədrinin müavini: “20 Yanvar hadisələri zamanı şəhid olanların qanlı paltarları indiyə qədər saxlanılır”

QMİ sədrinin müavini: “20 Yanvar hadisələri zamanı şəhid olanların qanlı paltarları indiyə qədər saxlanılır” Fuad Nurullayev: “Şəhidlərin bir çoxunun əlində üzük də var idi”
Daxili siyasət
19 Yanvar , 2017 11:09
QMİ sədrinin müavini: “20 Yanvar hadisələri zamanı şəhid olanların qanlı paltarları indiyə qədər saxlanılır”

Bakı. 19 yanvar. REPORT.AZ/ Dini Qurumlarlara İş üzrə Dövlət Komitəsi (DQİDK) 20 Yanvar hadisələrinin 27-ci ildönümünə həsr olunan “20 Yanvar-şəhidlik zirvəsi” mövzusunda konfrans keçirib.

“Report” xəbər verir ki, tədbirdə DQİDK-nin sədri Mübariz Qurbanlı, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev, Azərbaycanda olan dini konfesiyaların rəhbərləri və başqaları iştirak edib.

Tədbirdə çıxış edən Kamal Abdullayev 20 Yanvar hadisəsinin Azərbaycan dövlətinin və xalqının taleyində oynadığı roldan danışıb. O qeyd edib ki, yüz illər keçsə də, bu hadisə xalqın yaddaşından silinməyəcək.

M.Qurbanlı deyib ki, hadisələr baş verdikdən sonra ulu öndər Heydər Əliyevin Moskvada heç nədən çəkinmədən haqq səsini ucaldıb. 

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib ki, bu gün Azərbaycanın bütün vətəndaşları şəhidlərin abidəsini ziyarət etməyi özünə borc bilir: “Amma dünyada elə pis əməl görən insanlar var ki, onların məzarı gizlədilir. “Quran”da buyurulur ki, şəhidlər ölmür və daim yaşayırlar. O hadisələr baş verəndə Azərbaycanda QMİ sədri Allahşükür Paşazadə xalqı ətrafına yığdı. Bütün idarələr başsız qalmışdı. QMİ sədri idarədə oturmuşdu və ağsaqqalar da onun başına toplanmışdı. Biz o zaman şəhidlərin qanlı paltarını sübut üçün götürüb saxladıq. Bu gün də onlar saxlanılır. Onların bir çoxunun əlində üzük də var idi. Onlar nişanlı gənclər idi. O zaman millətin oğulları dedilər ki, Kirovun heykəli Dağüstü parkdan götürülməlidir və şəhidlər orda dəfn olunmalıdır və belə də oldu”.

Daha sonra çıxış edən Azərbaycandakı qeyri-islam dini icma rəhbərləri şəhidlik zirvəsinin əzəmətindən, Azərbaycan xalqının qəhrəmanlığından bəhs ediblər. Azərbaycan xalqının 20 yanvarda öz torpağının azadlığı uğrunda mübarizə apardığı vurğulanıb.  

Son xəbərlər

Orphus sistemi